Aydın Mirzəzadə: "Bu, Avropada islamofobiyanın bariz nümunəsidir” AÇIQLAMA
"İnsan hüquqlarından, demokratiyadan danışan bəzi dövlətlər özləri bu prinsiplərə riayət etmirlər". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Şərqi Avropa ölkələrinin bəzilərində açıq-aşkar dini ayrı-seçkiliyə yol verilir: "Bu yaxınlarda Avropa İttifaqının Komissiyası Yaxın Şərq və Afrikdan olan 40 min miqrantı qəbul etmək üçün müzakirələr aparıb. Nəticə çox acınacaqlı olub. Bir sıra Avropa ölkələri miqrantları qəbul etməkdən imtina edib. Bir qismi isə dini ayrı-seçkilik siyasəti yürüdüb. Slovakiya isə Avropa Komissiyasına açıq şəkildə bildirib ki, yalnız xristian miqrantları qəbul etməyə hazırdır. Əvəzində Şimali Afrikadan, Yaxın Şərq ölkələrindən qeyri-leqal yolla ölkəyə daxil olan miqrantları hərbiçilərin və polisin gücü ilə deportasiya edib. Bu, dini ayrı-seçkilikdir, qeyri-insani hərəkətdir, insan haqlarına hörmətsizlikdir. Soruşmaq lazımdır, yeni müstəqillik qazanmış ölkələrə dini dözümsüzlüyün olduğu bəhanəsi ilə təzyiqlər edən Avropa ölkələrində nə baş verir? Əgər insan haqlarından danışırıqsa bu kriteriya müsəlmana da aiddir, xristiana da, buddistə də. Əslində dini, milli, irqi ayrı-seçkiliyin kim tərəfindən salındığı ortadadır. Bunun sübuta heç bir ehtiyacı yoxdur. Pribaltika dövlətləri isə ümumiyyətlə müsəlman miqrantlardan tamamilə imtina edib. Bu dini ayrı-seçkilik islama, islam dünyasına qarşı qərəzin nümunəsidir. Bir sözlə bu, Avropada islamofobiyanın bariz nümunəsidir".
Politoloq onu da qeyd edib ki, İttifaq daxilində ciddi qüsurlara malik olan Avropa dövlətlərinin başqalarından ədalət tələb etmələri təəccüblü görünür: "Onlar özlərini arbitr kimi aparırlar. Yəni, öz gözlərində tiri görməyənlər özgəsinin gözündə tük axtarırlar".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB