YAP Xəzər rayon təşkilatının Seçki Qərargahında treninq keçirilib FOTOLAR

YAP Xəzər rayon təşkilatının Seçki Qərargahında treninq keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) Xəzər rayon təşkilatının Seçki Qərargahında bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərində imza toplayacaq partiya fəalları ilə treninq keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Xəzər rayon təşkilatının Seçki Qəragahının sədri, YAP Siyasi Şurasının üzvü Namiq Əhmədov çıxış edərək seçkilərə hazırlıqla bağlı görülən işlər haqqında məlumat verib. N.Əhmədov qeyd edib ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyaya yeni bir inkişaf modeli göstərmiş oldu: "Təbii ki, bu inkişafda Yeni Azərbaycan Partiyasının, onun ətrafında sıx birləşən fəallarımızın rolu böyükdür. Prezident İlham Əliyevin siyasətinin uğurları, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifah halının yüksəlməsi, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması, sabitlik Yeni Azərbaycan Partiyasının qələbəsini şərtləndirən əsas amillərdəndir. Bu da onu deməyə əsas verir ki, YAP parlament seçkilərində də böyük uğura imza atacaq".

Namiq Əhmədov həmçinin onu da vurğulayıb ki, bu gün Azərbaycanın seçkilərlə bağlı qazandığı müsbət təcrübə həm daxili, həm də xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilir: "Azərbaycan demokratik, dünyəvi dövlətdir və dövlətimizin qazandığı yüksək seçki mədəniyyəti bu seçkilərdə də özünü göstərəcək. Biz var gücümüzlə təbliğatımızı şəffaf qurmalı, demokratik, ədalətli prinsiplərə söykənməliyik. Əminəm ki, əvvəlki seçkilərdə olduğu kimi, bu seçki də yüksək səviyyədə baş tutacaq və biz yenə də öz qalibiyyətimizi bütün dünyaya bəyan edəcəyik".

Namiq Əhmədov onu da əlavə edib ki, YAP tərəfindən imza toplayacaq şəxslərin istifadə etməsi üçün təlimat kitabçaları hazırlanıb: "Kitabçada imza toplayacaq fəallar üçün bütün qaydalar açıq şəkildə göstərilib, qanunvericilikdə və MSK-nın təlimatlarında nəzərdə tutulan məsələlər əksini tapıb. İnanırıq ki, imza toplayacaq insanlar seçki təcrübələrinə əsaslanaraq öz vəzifələrinin öhdəsindən layiqincə gələcəklər".

Daha sonra tədbirdə müvafiq müzakirələr aparılıb və imza toplayacaq fəalların sualları cavablandırılıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə