YAP Mərkəzi Seçki Qərargahı Yasamal rayon şöbəsi toplandı

Seçkilərdə qələbə hazırlıq kampaniyasının mütəşəkkilliyi ilə bağlıdır
YAP Mərkəzi Seçki Qərargahı Yasamal rayon şöbəsi toplandı

Qarşıdan gələn parlament seçkilərinə hələlik rəsmi start verilməsə də ilkin hazırlıqlara başlanılıb. Ən inkişaf etmiş ölkələrlə eyni səviyyədə dayanan Azərbaycan demokratik ölkə olduğunu artıq təsdiqləyib. Ölkə demokratiyasının sürətli inkişafında təbii ki, Yeni Azərbaycan Partiyasının (YAP) rolu böyükdür. Bu inam ondan irəli gəlir ki, bütün ölkə vətəndaşları Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki aparıcı rolunu təsdiqləyir, partiyanın məqsəd və məramını dəstəkləyir.

Həmişə olduğu kimi, qarşıdan gələn parlament seçkilərinə də ciddi hazırlaşan Yeni Azərbaycan Partiyası vahid siyasi qüvvə kimi prosesləri seçki qanunvericiliyinə uyğun şəkildə həyata keçirməkdə qətiyyətlidir.

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Bakı şəhərinin rayonları, Sumqayıt şəhər və Abşeron rayon şöbələri üzvlərinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar keçirilən toplantısında çıxış edən Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədovun vurğuladığı kimi, partiyanın fəalları, gənclər ilkin hazırlıq proseslərinə cəlb olunub.

Toplantıda hazırlıq işlərinin mütəşəkkilliklə davam etdiyini vurğulayan Əli Əhmədovun bildirdiyi kimi, ölkəmizdə mövcud olan siyasi sabitlik şəraitində parlament seçkilərinə hazırlaşan Azərbaycanın siyasi-iqtisadi müstəvidə qazandığı uğurlar, beynəlxalq aləmdə möhkəmlənən mövqeyi partiyanın qələbəsini şərtləndirən amillərdəndir. Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədovun qeyd etdiyi kimi, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında Prezident İlham Əliyev ötən illər ərzində ölkəmizin iqtisadiyyatını əzəmətli dərəcədə inkişaf etdirə bilib. Bu uğurlarda isə Yeni Azərbaycan Partiyasının xidmətləri böyükdür.

Parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Yasamal rayon şöbəsi də hazırlıq işlərini yüksək səviyyədə davam etdirir. Bununla bağlı açıqlama verən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı Yasamal rayon şöbəsinin sədri Tağı Əhmədov hazırlığın ilkin mərəhələsi üzrə həyata keçirilən tədbirlərdən danışdı: "Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə

inam və etimadını daha gücləndirir" - deyə söyləyən Əli Əhmədov parlament seçkilərinə hazırlıqla əlaqədar YAP-ın Gənclər Birliyi nümayəndələri ilə görüşündə də bildirmişdir ki, partiyanın fəalları seçki kampaniyasının mərhələlərində, Seçki Məcəlləsində nəzərdə tutulan proseslərdə fəallıq göstərməlidirlər: "Parlament seçkiləri ilə əlaqədar yaradılan 26 nəfərdən ibarət rayon şöbəsinin üzvləri ilə, imzatoplama mərhələsində iştirak edəcək 30 nəfərlə söhbətlər aparılır, parlament seçkilərinin ölkənin siyasi həyatındakı mühüm rolu və əhəmiyyəti reallıqlara əsasən açıqlanır. Hər bir fəal namizədlərin imzatoplama, təşviqat kampaniyasında, müşahidəçilik prosesində yaxından iştirak etməklə üzvü olduğu partiyanın qələbəsi naminə aktivliyini daha da artırmalıdır. Bunun üçün ən səmərəli ideoloji vasitələrdən, sosial şəbəkələrdən istifadə nəzərdə tutulur."

Bildirildi ki, bütün siyasi kampaniyalara vahid ideologiya və təkmil seçki texnologiyası ilə gedən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı Yasamal rayon şöbəsi seçkilərə hazırlıq məqsədi ilə üzvlərlə görüşlər, davamlı olaraq treninqlər keçirəcək. Məqsəd və məramı bəlli olan, əqidəsinə sadiq insanların birləşdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinin qələbəsinə inam böyükdür. İnanırıq ki, ərazimizdə yaşayan seçicilər verdiyi vədləri əməli işi ilə doğruldan Prezident İlham Əliyevə olan ümumxalq dəstəyini dövlətimizin başçısının Sədri olduğu YAP-ın namizədlərinə də etimad göstərməklə təsdiqləyəcəklər.

Tağı Əhmədov bildirdi ki, artıq namizədlər üçün imza toplayacaq partiya fəalları, elektoratın ümumi rəyinin, arzu və istəklərinin öyrənilməsi üçün nəzərdə tutulmuş üzvlərlə söhbətlər aparılmışdır.

Bildirildi ki, rayon ərazisində fəaliyyət göstərəcək dairə və məntəqələrdə hazırlıq işləri artıq başlanıb. Obyektivlik və şəffaflığın təminatı üçün seçkilərdə məntəqələrin əksəriyyətində veb-kameralar quraşdırılacaq.

Bir sözlə, Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı Yasamal rayon şöbəsindəki yüksək işgüzarlıq mühiti seçkilərə hazırlıq işlərinin müvəffəqiyyətlə başa çatdırılacağına əminlik yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə