Aytən Mustafayeva: “Leyla Yunus hansı insan hüquqlarından danışır?” MÜNASİBƏT

Aytən Mustafayeva: “Leyla Yunus hansı insan hüquqlarından danışır?” MÜNASİBƏT

"Leyla Yunus hər zaman öz maraqlarını güdüb. O heç bir zaman Vətən, millət naminə, insan hüquqları naminə hərəkət etməyib. Bu qadın ancaq bizə dost olmayan ölkələrin nümayəndələri ilə birgə Azərbaycan əleyhinə anti-təbliğat kampaniyasında iştirak edib". Bu fikirləri SİA-ya Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Aytən Mustafayeva Leyla Yunusun beynəlxalq təşkilatların və xarici KİV-lərin diqqətini özünə cəlb etmək üçün qaldırdığı hay-küyə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Leyla Yunus bu vaxta qədər erməni dəyirmanına su tökməkdən başqa bir işə yaramayıb: "Bu zamanla öz təsdiqini faktlar əsasında tapıb. Belə ki, o hələ Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə casusluq fəaliyyəti ilə məşğul olaraq ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və video materialları erməni tərəfinə ötürüb. Bunun müqabilində isə küllü miqdarda pul əldə edib. İndi gəlib hansı vətənpərvərlikdən, hansı insan hüquqlarından danışır? Dəfələrlə özüm beynəlxalq tədbirlərdə şahidi olmuşam ki, erməni lobbisinə xidmət edən xarici təşkilatların nümayəndələri bu insanı necə müdafiə edirlər. ATƏT-in Varşavada keçirilən konfarnsını buna nümunə göstərə bilərəm. Orada gördüm ki, özü orada olmaya-olmaya onun hüquqlarını necə qoruyurlar. Bu da ondan irəli gəlir ki, o dəfələrlə Fransanın və digər dövlətlərin erməni lobbisi tərəfindən idarə olunan QHT-lərin əməkdaşları ilə sifarişlər əsasında davamlı şəkildə Azərbaycandan casus materialları yayır. Ona görə də Leyla Yunus bunlara doğmadır. Artıq neçə illərdir siyasi arenada olduğu zamanda Leyla Yunusun nəyin bahasına olursa olsun ancaq Azərbaycan əleyhinə çıxışlar etməyə çalışdığını görürdük".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə