"Belə bir komitə yaradılacaqsa, burada beynəlxalq hüquq əsas tutulmalıdır" AÇIQLAMA

"Belə bir komitə yaradılacaqsa, burada beynəlxalq hüquq əsas tutulmalıdır" AÇIQLAMA

"Xəzəryanı Dövlətlərin Hərbi Dəniz Donanması və Hərbi Dəniz Qüvvələri Komandanları adlı Komitə yaradılacaqsa, burada beynəlxalq hüquq əsas tutulmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.

Azərbaycan Respublikasının müstəqil siyasət yürütdüyünü deyən hərbi ekspert söyləyib ki, ölkəmiz hər zaman digər dövlətlərlə beynəlxalq hüquq normaları çərçivəsində milli maraqlarını əks etdirəcək şəkildə əməkdaşlıq edir: "Biz Xəzər dənizi hövzəsində sülh və dostluq əlaqələrinin olmasının tərəfdarıyıq. O cümlədən Xəzər dənizi qonşuları ilə əlaqələrin sülh və əmin-amanlıq şəraitində davam etdirməyi hədəfləyirik. Əlbəttə ki, Xəzər dənizi çərçivəsində hansısa bir əməkdaşlığı reallaşdırmaq olar. Buradakı təhlükəsizliyi təmin etmək üçün Azərbaycan Hərbi Donanmasını verməyə hazırdır. Əgər Xəzər dənizi dövlətləri çərçivəsində komitə yaradılacaqsa, bu komitə bərabər hüquqlu olmalıdır. Burada hansısa bir dövlətin mənafeyinin üstün tutulmasından söhbət gedə bilməz. Biz dəfələrlə digər dövlətlərlə Xəzər dənizində birgə təlimlər keçirmişik. Ən çox da Rusiya ilə. Bu gündən sonra da davam edəcək. Amma belə bir komitənin yaradılması onun hansı formada və necə yaradılmasından çox asılıdır. Əgər bu komitə gələcəkdə sülhə xidmət edəcəksə yaradılacaq. Əgər burada hər hansı bir dövlətin maraqlarına və ya mənafeyinə uyğun hərəkət ediləcəksə yox. Azərbaycan hər zaman milli maraqlara, müstəqil siyasətə və ərazi bütövlüyünün təminatına xidmət edir. Bu prinsip hər bir halda mütləqdir. Bu məsələlərdə Azərbaycan heç bir zaman güzəşt getmir".

Bütün xəbərlər Facebook səhifəmizdə