"Hərbi xəbərləri necə gəldi yazmaq olmaz" Ekspertdən sərt mesaj

"Hərbi xəbərləri necə gəldi yazmaq olmaz" Ekspertdən sərt mesaj
"Çox təəssüf ki, bir qrup şəxs mətbuatın adına həmişə kölgə salır. Hər bir kəs Azərbaycan respublikasının vətəndaşı olduğunu unutmamalı, hərbi və dövlət sirrini qorumalıdır". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli söyləyib.

Ekspertin sözlərinə görə, hərbi sirr Müdafiə Nazirliyindən dəqiqləşdirilmədən yayılmamalıdır: "Ötən ilin sentyabr ayında Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzaladı. Lakin təəssüf ki, hələ də bəzi kütləvi informasiya vasitələri ucuz reklam xatirinə və reytinq yığmağa görə ordu mövzusunu yalandan gündəmdə saxlayır. Düşünürəm ki, hüquq mühafizə orqanları bununla bağlı cəza tətbiq etməlidir. Bununla bağlı Müdafiə Nazirliyinin mətbuat xidməti dəfələrlə açıqlama yayıb və bildirib ki, bu kimi məsələlər rəsmi açıqlanmadan yayılmamalıdır. Ancaq buna hələ də əməl edilmir. Yeganə yol həmin şəxslərin hüquq mühafizə orqanlarının qarşısında cavab verməsidir. Çünki hər kəins orduya münasibəti birmənalı olmalıdır və ordumuzu dəstəklənməlidir".

E. Həsənli həmçinin söyləyib ki, dövlət sirrini bilməyənlər jurnalistika ilə məşğul olmamalıdır: "Elə mövzular var ki onlar haqqında peşəkarlar yazmalıdır. Saytlar da bu məsələyə olduqca diqqətli yanaşmalıdırlar. Onlar düşünməlidirlər ki, bu, şou-biznes xəbəri deyil. Hərbi xəbərləri necə gəldi yazmaq olmaz. Bir sözlə ordu məsələsinə daha həssas, diqqətli yanaşılmalı, qanunvericiliyin tələblərinə uyğun addım atılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə