“Partlayış olmayıb, törədilib”

“Bu məsələnin Azərbaycanla bir əlaqəsi yoxdur”
“Partlayış olmayıb, törədilib”

"Hadisə Türkiyə ərazisində baş verib və Azərbaycanla heç bir əlaqəsi yoxdur". Bu fikirləri Türkiyənin Qars vilayətinin Sarıqamış bölgəsindən keçən Bakı-Tbilisi-Ərzurum qaz kəmərində baş vermiş partlayışla bağlı SİA-ya açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. İqtisadçı ekspert bildirib ki, hadisənin texniki səbəblərdən və ya bilərəkdən törədilməsi ilə bağlı rəsmi məlumat yoxdur: "Şahidlərin sözlərinə görə, baş vermiş partlayışın səsi 20 km uzaqlıqdan eşidilib. Lakin əldə olan məlumata görə, həmin boru kəmərinə qaz verilişi avqustun 2-dən artıq tədricən dayandırılmağa başlayıb. Dövlət Neft Şirkətinin nümayəndəsi Nizaməddin Quliyev açıqlama verib ki, partlayışdan təqribən 9 saat öncə artıq Türkiyə ərazisinə qazın verilişi dayandırılıb. Yəni bu o deməkdir ki, kompressor stansiyaları işləməyib. Deməli qaz kəmərində qaz olmayıb. Əgər qaz kəmərində qaz olmayıbsa partlayış necə baş verə bilər? Demək ki, qaz borusu kənar müdaxilə nəticəsində partladılıb. Yəni partlayış olmayıb, törədilib. İkincisi də orada yanğın baş verməyib. Sadəcə izolyasiya edilmiş materiallar yanıb".

Məsələ ilə bağlı maraqlı bir məqamı da xatırladan iqtisadçı bildirib ki, belə bir hadisə Türkiyədə artıq ikinci dəfə baş verir: "Bundan öncə 2012-ci ilin may ayının 29-da belə bir hadisə yenə Qars vilayətinin Sarıqamış vilayətində baş vermişdi. Elə məhz ötən həftə Türkiyə ərazisində 48 saat ərzində iki terror hadisəsi həyata keçirildi. Birincisi Kərkük-Yumurtalıq qaz kəməri üzərində, ikincisi isə Təbriz-Ərzurum qaz kəməri üzərində oldu. Bunların da hər ikisi PKK terror təşkilatı tərəfindən törədilmişdi. Məhz bu məqamda belə bir hadisənin Azərbaycana heç bir aidiyyətinin olmadığını görürük".

Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə