Erməni deputat AŞPA-ya şikayət etdi

Zurabyan: "237 nəfər döyülən etirazçı arasında 4 jurnalist də var”
Erməni deputat AŞPA-ya şikayət etdi

Ermənistan parlamentinin Milli Konqres fraksiyasının sədri, parlament nümayəndə heyətinin AŞPA-dakı üzvü Levon Zurabyan assambleyanın tribunasından çıxış edərək bildirib ki, onun ölkəsində, xüsusilə paytaxt İrəvanda polis gücləri tərəfindən jurnalistlərə qarşı amansız təzyiq görtərilib. Zurabyanın bəyan etdiyinə görə, bu ərəfədə Ermənistan polisi sülhməramlı nümayiş iştirakçılarına, eləcə də elektrik enerjisinə qoyulan tarifin artırılması barədə verilən qərara etiraz edən vətəndaşlara çox sərt reaksiya verib və xalqa qarşı hücum taktikası həyata keçirilib.

"Hadisələri işıqlandıran jurnalistlərə məxsus videokameralar, eləcə də digər avadanlıqlar sındırılıb, müsadirə olunub, media təmsilçiləri isə döyülüblər. 237 nəfər döyülən etirazçı arasında 4 jurnalist də var" -deyə, Levon Zurabyan bildirib.

Müxalifətçi deputat xatırladıb ki, hadisələrlə bağlı Ermənistan ictimai rəyi kəskin etirazını bildirib və Avropa Şurasının insan haqları üzrə komissarı, o cümlədən, ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi də bəyanat veriblər: "Mən assambleyanı Ermənistanda baş verən hadisələrin inkişafını diqqətlə izləməyə çağırıram. Onlar əmin olmalıdırlar ki, Ermənistan həqiqətənmi Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl edir? Doğrudanmı Ermənistanda vətəndaşların demokratik hüquqları qorunur?"

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə