Politoloq: “Beynəlxalq təşkilatların ədalətli mövqeyinə inam sual altındadır" MÜNASİBƏT

Politoloq: “Beynəlxalq təşkilatların ədalətli mövqeyinə inam sual altındadır" MÜNASİBƏT

"Son dövrlər beynəlxalq təşkilatlar Azərbaycana münasibətdə davranışları ilə simalarını qoruya bilməyib, öz imiclərinə böyük zərbə vurublar". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli bəzi beynəlxalq təşkilatların Ermənistandakı kütləvi aksiyalara göz yummasına münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, artıq Azərbaycan ictimaiyyətində beynəlxalq təşkilatların ədalətli mövqeyinə olan inam böyük zərbə alıb: "Xüsusilə də həmin təşkilatlar Azərbaycanda qondarma insan hüquqları ilə bağlı məsələlər icad edirlər və təzyiq elementi kimi ondan istifadə edirlər. Amma Ermənistana münasibətdə isə biz belə bir yanaşmanın şahidi olmuruq. Ermənistan parlamentində 1999-cu ildə gülləbaran hadisəsi baş verdi və dünya birliyi, beynəlxalq təşkilatlar bu hadisəni görməzlikdən gəldi. Bunun ardınca 2008-ci ildə Ermənistan prezidenti Serj Sarkisyan faktiki öz xalqına qarşı gülləbaran siyasəti həyata keçirdi. 10 nəfər güllələndi, 200-ə yaxın insan yaralandı. Amma buna da beynəlxalq birlik heç bir münasibət bildirmədi. İndi də Ermənistanda gündən-günə hakimiyyət əleyhinə etiraz dalğası güclənir. Həmin etiraz dalğası yeni-yeni formalar kəsb etməkdədir. Buna qarşı Ermənistanın güc strukturları bir çox hallarda qeyri-adekvat (qadınlara qarşı zor tətbiq edilir və s.) davranırlar. Bütün bunları isə Azərbaycan xalqı, ziyalılar, gənclərimiz görür".

E.Nəsirli əlavə edib ki, Azərbaycan ictimaiyyəti haqlı olaraq etiraz edir ki, axı necə ola bilərki siz Azərbaycanda ayrı-ayrı adamların hüquqların pozulması ilə bağlı mövqe bildirirsiniz, amma bir milyondan çox qaçqın və məcburi köçkünlərin taleyini düşünmürsünüz: "Bütün bunlar gün kimi aydın məsələlərdir. Ölkəmizə qarşı həmişə olduğu kimi, ikili standartlar hökm sürür. Bu gün Azərbaycan gücləndikcə, mövqelərini möhkəmləndirdikcə, öz Prezidenti ətrafında daha sıx, daha monolit birləşdikcə bir növ həmin qüvvələrin yuxusuna haram qatılır. Beləcə, onlar hər vəchlə çalışırlar ki, Azərbaycana təzyiq göstərsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə