Avropa Oyunları siyasətçilərin gözü ilə... TƏHLİL

Avropa Oyunları siyasətçilərin gözü ilə... TƏHLİL

Bu gün ölkəmiz "Bakı-2015" Birinci Avropa Oyunlarını keçirməyə tam hazır olduğunu hər keçən gün sübut edir. Ölkəmizə gələn minlərlə əcnəbi həyata keçirilən quruculuq, abadlıq işləri ilə, iqtisadi inkişafla yaxından tanış olur, ölkəmizdə mövcud olan tolerantlığın, demokratiyanın, söz azadlığının, siyasi sabitliyin şahidi olurlar. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi xalqımızın siyasi, iqtisadi baxımdan ən böyük qazancıdır. Bu hadisə düşmənlərimizin illərdən bəri haqqımızda formalaşdırmağa çalışdığı anti təbliğatı darmadağın edəcək.

Oyunların Azərbaycanda keçirilməsi ölkəmizin Beynəlxalq və Avropa Olimpiya hərəkatında, idman və bədən tərbiyəsi sahəsində əldə etdiyi nailiyyətlərə verilən yüksək qiymətdir. Artıq indidən bəllidir ki, Avropa Oyunlarının Bakıda təşkili Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, idman aləmində önəmli yer tutmasına şərait yaradacaq.

Ümumilikdə isə Avropa Oyunları Azərbaycana nə verəcək? SİA bununla bağlı siyasətçilərin fikrini öyrənib.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev: "Bakı 2015" birinci Avropa Oyunları Azərbaycan üçün tarixi əhəmiyyətə malik bir tədbirdir. Hesab edirəm ki, Azərbaycan müstəqilliyini əldə etdikdən və ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsindən sonra ən böyük uğurumuz, tarixi nailiyyətimiz I Avropa Oyunlarının ölkəmizdə keçirilməsidir. Bu, birinci növbədə Azərbaycanın Avropada, dünya miqyasında tanınması, təsdiq olunması və hüquqi, demokratik, sivil, iqtisadi, sosial cəhətdən inkişaf etmiş dövlət kimi dünya birliyi tərəfindən tanınmasının təsdiqinə əyani nümunə olacaq. Digər tərəfdən ölkəmizə gələn hər bir idmançı və yaxud onun məşqşçisi, idman azarkeçi, turist Azərbaycan mədəniyyəti, təbiəti və s. ilə yaxından tanış olacaq. Bununla da o, ölkəmizi sevəcək və Azərbaycanın necə gözəl ölkə olduğunu, xalqının nə qədər mədəni tolerant, intellektual olduğunun əyani şahidi olacaq.

Oyunların iqtisadi cəhətdən çox böyük səmərəsi olacaq. Azərbaycana yeni-yeni biznes layihələri gələcək və biznes adamları öz təklifləri ilə bizə müraciət edəcəklər. Avropa Oyunlarının ölkəmiz üçün turizm əhəmiyyəti də böyükdür. Bu oyunlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına səbəb olacaq. Ölkəmizdə keçiriləcək Dünya şahmat çempionatı, daha sonra İslam Həmrəyliyi Oyunları Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdacaq. Bütövlükdə bu Oyunların müstəqil Azərbaycan üçün çox böyük tarixi əhəmiyyəti var. Hesab edirəm ki, bu oyunların ən yüksək səviyyədə keçirilməsi həm də ölkəmizin iqtisadi gücündən, mədəni inkişafından, demokratik hüquqi vətəndaş cəmiyyəti olmasından xəbər verdi".

AMEA Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı: "Birinci Avropa Oyunları Azərbaycana çox böyük üstünlüklər verir. Bu, Azərbaycanın ən yaxşı şəkildə təqdimatıdır. İlk Avropa Oyunlarının standartı Azərbaycanda yaradılır. Oyunlar Azərbaycan xalqının yüksək mədəniyyətini, təşkilatçılıq qabiliyyətini və idman ölkəsi olduğunu göstərəcək. Bununla belə, xaricdə yaşayan azərbaycanlıların özlərinə inamını artıracaq. Bu oyunlar Azərbaycan xalqının başını uca edəcək".

Milli Məclisin üzvü Elman Məmmədov: "Bu gün biz Avropa standartlarına söykənməyəcəyik, əksinə onlar ikinci Avropa Oyunlarını keçirdiyi zaman Azərbaycan standartlarına istinad edərək bu tədbiri həyata keçirəcək. Ölkəmizdə ilk Avropa Oyunları ən yüksək səviyyədə keçirilir. Azərbaycan təkcə bu tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə kifayətlənməyəcək, həm də ən çox medal qazanan komandalardan, dövlətlərdən biri olacaq. Bu gün idmançılarımızın qazandığı medalların sayı 16-nı ötüb. Təbii ki, bu belə də davam edəcək. Çox güman ki, Azərbaycan ilk üçlükdə yer tutacaq.

Azərbaycan özünü dünyaya tolerant, dinlərarası, mədəniyətlərarası inkişafın ən yüksək səviyyədə olduğu bir Avropa dövləti kimi təqdim edir. Hər gün 24 saat idman oyunlarını izləyən 1 milyarda yaxın tamaşaçı var. Biz ölkəmizə qarşı şər, böhtan kampaniyası aparanlara, Azərbaycana qara ləkə yaxmağa çalışanlara elə bir sərt sillə vurmuşuq ki, uzun müddət özlərinə gələ bilməyəcəklər.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov: "Bu gün ilk Avropa Oyunları dünyanın 5 qitəsində canlı yayımlanır. Onlar Azərbaycandakı tərəqqini, inkişafı və ölkə vətəndaşlarının səmimiliyini, qonaqpərvərliyini, tarixini və s. görürlər. Bu, bizim bütün sahələrdə nüfuzumuzdan xəbər verir. Eyni zamanda birinci Avropa Oyunları Azərbaycana iqtisadi səmərə gətirəcək".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli: "İlk Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyəti çox böyükdür. Oyunların açılış mərasimində Azərbaycan bütün dünyaya öz mesajlarını verdi. Mərasimin yüksək şəkildə təşkil olunması, bədii tərtibat, daşıdığı fəlsəfi yürüş hesab edirəm ki, bu günə kimi keçirilən anoloji tədbirlərin hamısından yüksək idi. Artıq ölkəmiz bu məsələdə kifayət qədər uğura nail olub. İlk Avropa Oyunlarının dünyanın müxtəlif yerlərində yayımlanması ilə insanlar həm ölkəmiz, həm oyunların təşkili haqqında məlumat əldə edirlər. Şübhəsiz ki, bu da ölkəmizin imicinin formalaşmasına, Azərbaycan adının dünyanın hər yerində tanıdılmasına xidmət edir. Digər tərəfdən ölkəmizə gələn qonaqlar, idmançılar və s. tolerantlıq mühitini görüb Azərbaycan həqiqətlərinin gələcəkdə daşıyıcısına çevriləcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə