“Avropa Parlamentinin deputatları erməni diasporunun təsirinə düşürlər” AÇIQLAMA
"Ötən gün Avropa Parlamentində keçirilən dinləmələr göstərdi ki, Azərbaycanı dəstəkləyən, ölkəmizdəki reallıqları bilən, ədalətli mövqeyi dəstəkləyən kifayət qədər adamlar var". Bunu SİA-ya deputat Fuad Muradov deyib.
Millət vəkili bildirib ki, Avropa Parlamentində Azərbaycana qarşı müzakirə edilən məsələlər sırf insanların subyektiv təfəkkürünün məhsuludur: "Bu fikirləri səsləndirənlər Azərbaycanın müstəqilliyini istəməyən adamlardır. Orada olan fərdi adamların bəziləri öyrədilib və onların bu məsələdə öz şəxsi maraqları var. Dinləmələrdə Avropa deputatlarının əksəriyyəti Azərbaycan insanlarının mövqeyini müdafiə edən, çox müsbət, ölkəmizi tanıyaraq, siyasəti idman oyunlarına qatmamaq kimi çıxışlar ediblər. Bu onu göstərir ki, biz çox düz yoldayıq".
Deputat həmçinin qeyd edib ki, Azərbaycana qarşı təşkil edilən qarayaxma kampaniyasının məqsədi ölkəmizin müstəqilliyini zəiflətmək, xalqımızı lazım olmayan güzəştlərə məcbur etməkdir: "Azərbaycan demokratiyanın inkişafını, insan haqlarının qorunmasını prioritet məsələ hesab edir. Bu istiqamətdə Azərbaycan dövlətinin fəaliyyət planı var".
F.Muradov əlavə edib ki, "twitter" sosial şəbəkəsində ən çox anti-Azərbaycan kampaniyasını dəstəkləyən, məhz erməni diasporasıdır: "Avropa Parlamentinin deputatları erməni diasporunun təsirinə düşərək bu kampaniyaya bilməyərəkdən qoşulurlar. Onlar düşünməlidir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan da bu oyunların əleyhinədir. Hər şeyin kökü bundadır. Biz işimizi davam edəcəyik. Avropa Parlamentində keçirilən dinləmələrə qarşı bəyanatımızda da bir daha əməkdaşlığa, hər hansı problem varsa, onu məhz dialoq yolu ilə müzakirə etməyə çağırdıq. Çünki, bizim dialoq üçün platformamız var. Bu həm Avronest PA, həm də Avropa Şurasıdır. Amma, təəssüf ki, həmin platformalarda müzakirələr zamanı tamamilə başqa məsələlər gündəmə gətirilir. Əgər kimsə bizə hər hansı bir islahata kömək etmək istəyirsə, biz buna hazırıq. Ancaq bu, Azərbaycana qarşı olan bir qarayaxma kampaniyasıdır və heç bir xeyri olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB