Baş redaktor: “Sərhədsiz repartyorlar”ın hesabatı kifayət qədər qərəzlidir” AÇIQLAMA

Baş redaktor: “Sərhədsiz repartyorlar”ın hesabatı kifayət qədər qərəzlidir” AÇIQLAMA

"Bəzi beynəlxalq təşkilatlar Azərbaycanın əleyhinə "qara piar" kampaniyası aparırlar. "Sərhədsiz Repartyorlar" təşkilatı da zaman-zaman tərtib etdikləri hesabatlarda guya Azərbaycanda söz azadlığının olmaması, insan haqlarının pozulması ilə bağlı həqiqətə uyğun olmayan "faktlar"ı mediada tirajlayır, müxtəlif dairələrdə müzakirəyə çıxarırlar". Bunu SİA-ya SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.

SƏS Media Qrupun rəhbəri təəssüf hissi ilə qeyd edib ki, özlərini demokratiyanın beşiyi sayan ölkələr - Avropa özündə insan haqlarının kobud şəkildə pozulmasına, dini ayrı-seçkiliyə yol verilməsinə, etirazçılara qarşı qadağan olunmuş üsullardan istifadə edilməsinə, jurnalistlərin döyülməsinə, həbs olunmasına, söz azadlığı ilə bağlı problemlərin yetərincə olmasına diqqət yetirmək, onu aradan qaldırmaq əvəzinə Azərbaycanda baş verən balaca bir hadisəni mikroskopla böyüdüb ona siyasi don geyindirirlər: "Qarşıdan ilk Avropa Oyunları gəlir. Lakin, müxtəlif təxribatçı beynəlxalq təşkilatlar bu oyunların əlehinə hesablanmış addımlar atırlar. Onların Azərbaycanla bağlı hesabatları kifayət qədər qərəzlidir. Əksinə, bu gün Azərbaycanda söz və fikir azadlığı dünyanın heç bir yerində olmayan hüquqi baza ilə tənzimlənir".

B.Quliyev hesab edir ki, Azərbaycanda söz, mətbuat, fikir azadlığı, insan haqları tam şəkildə qorunur: "Təbii ki, bunu təmin edən qanunlarımız var. Azərbaycan Konstitusiyasının 40 faizi insan haqlarına, hüquqlarına, vətəndaş, söz azadlığına, fikir plüralizminə həsr olunub. "Sərhədsiz Repartyorlar", "Freedom House", "Amnesty International", "Human Rights Watch" kim təşkilatlar isə bu gün də I Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı "qara piar" kampaniyası aparırlar. Hesab edirəm ki, bu təşkilatların apardığı çirkin kampaniyanın heç bir təsiri olmayacaq, Azərbaycan üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirəcək, Avropa tarixində ilk dəfə keçiriləcək idman yarışları tarixə qızıl hərflərlə yazılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə