Milli mətbuatımız 140 yaşını qeyd edəcək MÜNASİBƏTLƏR

Milli mətbuatımız 140 yaşını qeyd edəcək MÜNASİBƏTLƏR

İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan milli mətbuatının 140 illik yubileyinin Azərbaycan Respublikasında geniş qeyd olunması öz əksini tapıb. SİA olaraq Azərbaycanda fəaliyyət göstərən qəzet redaktorlarından Sərəncamın əhəmiyyətindən irəli gələn məsələlərlə bağlı onların fikirlərini öyrənməyə çalşdıq.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə: "Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama görə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Dövlət başçısı mətbuata daim diqqət və qayğı göstərib. Təbii ki, bu qayğı Ümummilli Lider Heydər Əliyev siyasətinə söykənir. Azərbaycanda milli mətbuatı 140 illik tarixi bir yol keçib. Həmin illər həm çətin, həm də şərəfli olub. 1990-ci illərdə Azərbaycanda mətbuat işçilərinə təzyiqlər, təqiblər mövcud idi. AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu vaxtlarda mətbuat işçiləri ilə yanaşı bütün insanlara qarşı təzyiqlər var idi. Mətbuat işçiləri də bu çətin vəziyyətin, anların şahidi olub. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi mətbuat sahəsinə də xüsusi önəm verildi. Mətbuatla bağlı çox dəyərli və bütün beynəlxalq prinsipləri gözləyən zəngin qanunvericilik bazası yaradıldı. İstər Azərbaycanın ilk 1995-ci ildə qəbul olunmuş milli Konstitusiyasında, istər 1999-cu ildə qəbul olunmuş KİV haqqında qanun (2002-ci ildə yenidən əlavə olunan KİV haqqında qanun) mütərəqqi qanunlardan biridir. Ulu Öndər tərəfindən xüsusi sərəncamla Azərbaycanda mətbuat üzərindən senzuranın ləğv olunması ölkə mətbuatı tarixində çox tarixi və əlamətdar bir hadisədir. Bu gün Azərbaycanda mətbuat üzərində hər hansı bir dövlət nəzarət mexanizmi yoxdur. Mətbuat tam sərbəst, müstəqil öz fəaliyyətini qurub və bu prinsiplərlə də inkişaf edir. Hesab edirəm ki, çox uğurlu inkişaf dövrünü yaşayıb və başa çatdırıb.

2005-ci ildə Azərbaycan milli mətbuatının yaranmasının 130 illiyində dövlət başçısının xüsusi sərəncamı ilə Azərbaycanda Əməkdar jurnalist adının bərpa olunması, ölkənin aparıcı media orqanlarının əməkdaşlarının dövlətin ali mükafatları ilə təltif olunması, qəzetlərə birdəfəlik maliyyə yardımlarının ayrılması və s. müstəqil ölkə mətbuatının inkişafına yönəlmiş qərarlar və töhfələrdir. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq olunması, 2009-cu ildə isə belə bir Fondun yaradılması Azərbaycan mətbuat tarixində çox əlamətdar hadisədir. Fond müstəqil mətbuatın inkişafı yönümündə çox uğurlu layihələr həyata keçirir. Redaksiyaların maddi-texniki bazasının, jurnalistlərin sosial durumlarının yaxşılaşdırılması və bütövlükdə onların peşəkarlıqlarının artırılması istiqamətində və s. uğurlu işlər həyata keçirir. 2010-cu ildə Mətbuat Şurasının inzibati binasının açılışında cənab Prezident MŞ-nın İdarə heyətinin üzvləri ilə görüşdə bir çox məsələlərə toxundu. Orada jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə də aydınlıq gətirildi. Sonra elə həmin ildə ölkə rəhbəri tərəfindən jurnalistlər üçün yeni binanın tikintisinə başlanılması haqqında sərəncam verildi. Həmin mənzillər 2013-cü ildə jurnalistlərin ixtiyarına verildi. Bununla belə yeni binanın tikintisinin təməli qoyuldu. Bu hadisə dünyada analoqu olmayan bir hadisədir. Bu il isə Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı xüsusi sərəncam imzaladı. Sərəncamda da qeyd olunduğu kimi ölkənin aparıcı media orqanlarının əməkdaşlarının dövlətin ali mükafatları ilə təmin olunması məsələsi yer alıb. Hesab edirəm ki, ölkə başçısı bu ənənəni Ümummilli Lider Heydər Əliyev siyasətinə söykənərək daha da inkişaf etdirir".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu: "Azərbaycan Prezidenti İlham Əliyev hər zaman ölkəmizin böyük hamisi və qayğıkeşi kimi tanınıb. Ölkə başçısı öz fəaliyyəti dövründə daima ictimai institut kimi mətbuatın inkişafı üçün əlindən gələn hər şeyi edib. Bununla bərabər Azərbaycan mətbuatını təşkil edən jurnalistlərin sosial, məişət problemlərinin həlli ilə bağlı onların ictimai nüfuzunun artırılması ilə bağlı müxtəlif çoxsaylı tədbirlərə imza atıb. Hesab edirik ki, bu gün dövlət başçısının Azərbaycan mətbuatının 140 illiyinin az qala milli bayram səviyyəsində qeyd edilməsini təmin edəcək bir sərəncam imzalaması da möhtərəm Prezidentimizin Azərbaycan mətbuatının inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Azərbaycan mətbu icması bu diqqətə, qayğıya layiq olmağa çalışmalıdır. Prezidentin sərəncamı əlbəttə ki, Azərbaycanda bir daha jurnalist peşəkarlığının artmasına, jurnalistikanın mötəbər bir peşə kimi tanınmasına, ölkə jurnalistlərinin ictimai nüfuzunun artmasına təsir göstərəcək ciddi bir tələbdir. Bununla barəbar hesab edirəm ki, ölkə başçısının Azərbaycan mətbuatına bu qayğısı həm də ölkə mətbuatında ciddi bir məsuliyyət yaratmalıdır. Çünki informasiya cəmiyyətlərinin əsas institutlarından biri kimi mətbuat ölkədə bir sıra mühüm məsələlərin, o cümlədən ictimai ahəngdarlığın, siyasi həmrəyliyin, milli səfərbərliyin, vətənpərvərliyin və s. bu kimi digər dəyərlərin formalaşmasında rolu olan böyük bir institutdur. Hesab edirəm ki, ölkə rəhbərinin imzaladığı bu sərəncamdan sonra ölkə mətbuatı keyfiyyət baxımından öz inkişafında yeni mərhələyə daxil olacaq".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Hesab edirəm ki, Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam ölkə milli mətbuatının tarixi mənşəyinə, keçdiyi inkişaf yoluna, bu günkü vəziyyətinə, inkişaf prespektivlərinə tamamilə uyğun bir sərəncamdır. Bu sərəncam əslində milli mətbuatımızın ta indiyədək keçdiyi tarixi yolun bir mənzərəsidir, eləcə də gələcəyə yön almış böyük inkişafının fundamentidir. Bu gün Azərbaycan mediası ideal bir inkişaf səviyyəsində olmasa da amma başqa dövlətlərlə müqayisədə çox böyük bir inkişaf yolu keçib. Ən əsası odur ki, dövlət, hakimiyyət strukturları azad medianın inkişafına nəinki maneə yaratmır əksinə onun inkişaf yollarında meydana çıxan maneələrin aradan qaldırılması iradəsinə sahibdir və iradəni də Azərbaycan cəmiyyəti və dünya dövlətləri qarşısında uca səslə bəyan edir. Məncə bu, Azərbaycanın inkişaf modelinin xarakterik xüsusiyyətlərindən biridir ki, medianın inkişafına dövlətin dəstəyi artıb".

Bütün xəbərlər Facebook səhifəmizdə