Mayın 25-də Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi tərəfindən Kanadanın paytaxtı Ottava şəhərində "Fairmont" mehmanxanasında "28 May – Respublika günü" münasibətilə təntənəli ziyafət təşkil edilib. SİA-nın məlumatına görə, tədbirdə Kanadanın sabiq Baş naziri Jan Kretyen (Jean Chretien), Kanada Parlamenti İcmalar Palatasının üzvləri, senatorlar, Kanada Xarici İşlər, Ticarət və İnkişaf Departamentinin yüksək vəzifəli rəsmiləri, digər dövlət qurumlarının təmsilçiləri, Ottavada akkreditə olunmuş diplomatik korpus nümayəndələri, eləcə də Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icması iştirak edib.
Ziyafətdə açılış nitqi ilə çıxış edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Respublika gününün tarixçəsi barədə iştirakçıları məlumatlandırıb, 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik ənənələrini bərpa etdiyini vurğulayıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk parlamentli respublika olduğunu və qadınlara səsvermə hüququnu bir sıra qərb demokratiyalarından daha əvvəl tanıdığını söyləyib. Cümhuriyyətin süqutundan sonra qurulan Sovet hakimiyyətinin 70 il davam etməsinə baxmayaraq, Azərbaycan xalqında müstəqillik arzusunu məhv edə bilmədiyi və 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi qeyd edilib. Müstəqilliyin ilk illərində qonşusunun təcavüzü və iqtisadiyyatın çökməsi kimi problemlərlə üzləşən Azərbaycanın çətin bir inkişaf yolu keçdiyi, lakin ölkə rəhbərliyinin bütün bu problemlərə baxmayaraq, ölkəmizi müasir dövrün ən sürətlə inkişaf edən ölkələrindən birinə çevirməyə müvəffəq olduğu vurğulanmışdır. R.Hüseynli, həmçinin Azərbaycan-Kanada ikitərəfli münasibətlərinə toxunaraq, ölkəmizin bu münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu və bu məqsədlə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra Kanada Parlamenti İcmalar Palatası spikerinin müavini və Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bari Devolin (Barry Devolin) çıxış edib. O, çıxışında Azərbaycana səfərlərinə toxunaraq, son belə səfəri bu ilin may ayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak üçün etdiyini bildirib. O, həmin Forumda dünyanın müxtəlif ölkələri və dini təriqətlərinin nümayəndələrinin yer aldığını söyləyərək, Azərbaycanın mədəniyyətlər və sivizilizasiyaların qovşağında yerləşən ölkə olaraq, bu kimi tədbirin keçirilməsi üçün tam uyğun məkan olduğunu vurğulamışdır. O, Azərbaycanı Kanada üçün önəmli tərəfdaş adlandırmış və Azərbaycan xalqını və dövlətini Respublika günü münasibətilə təbrik edib.
Tədbir zamanı, həmçinin "İrs" jurnalları və bu ilin iyununda Bakıda keçiriləcək Avropa oyunlarını təbliğ edən məlumat kitabçaları qonaqlara paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB