YAP MNTK-nın növbəti iclası keçirilib FOTOLAR

YAP MNTK-nın növbəti iclası keçirilib FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası giriş sözü ilə açan YAP MNTK-nın sədri Məhəmməd Məmmədov komissiyanın ötən toplantıdan keçən dövr ərzində gördüyü işlərlə bağlı məlumat verib. Qeyd olunub ki, partiyanın rayon (şəhər) təşkilatlarında həm partiya nizam-intizamı, həm də maddi-texniki təchizatla bağlı ciddi işlər görülüb, onların səmərəli fəaliyyəti günün tələbləri səviyyəsində qurulub. Rayon (şəhər) təşkilatlarında aparılan yoxlamaların nəticələri bir daha sübut edir ki, partiyanın yerlərdəki fəaliyyəti qarşıya qoyulan istənilən vəzifənin öhdəsindən gəlməyə təminat verir.

M.Məmmədov çıxışında öz fəaliyyətində nöqsanlara yol vermiş rayon (şəhər) partiya təşkilatları haqqında tədbirlərin görüldüyünü, onlara zəruri tövsiyyələrin verildiyini və bir çox təşkilatın artıq müvafiq nəticələr çıxararaq öz işində dönüş yaratdığını vurğulayıb. İclasda qarşıdakı bir ay ərzində nəzarət təftiş aparılacaq rayonların siyahısı və onlara təhkim olunan MNTK üzvləri müəyyənləşdirilib.

MNTK-nın üzvü Tahir Kərimov isə rayon (şəhər) partiya təşkilatlarının gördüyü işlər və gələcək fəaliyyət istiqamətləri haqqında danışıb.

İclasın sonunda çıxış edən YAP İcra katibinin müavini Siyavuş Novruzov görülmüş işlər və qarşıda duran perspektiv vəzifələr barəsində çıxış edib. S.Novruzov həmçinin nəzarət təftişin ümumi prinsipləri və yoxlama prosesində xüsusi diqqət yetiriləcək məqamlar barədə öz tövsiyyələrini verib.

Qeyd edək ki, iclasda YAP İcra katibliyinin Təşkilat şöbəsinin təlimatçıları da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə