Şagirdlər DSX-nın Akademiyasına ekskursiya ediblər

Şagirdlər DSX-nın Akademiyasına ekskursiya ediblər

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Bakı şəhəri üzrə məktəblərin təhsildə fərqlənən yuxarı sinif şagirdləri Dövlət Sərhəd Xidmətinin Akademiyasında ekskursiyada olublar. SİA-nın məlumatına görə, tədbirin məqsədi yüksək bilik və bacarıqları, mənəvi keyfiyyətləri ilə seçilən, təhsildə fərqlənən yuxarı sinif şagirdlərini hərbi təhsil ocaqlarında yaradılan şəraitlə əyani tanış etmək, onlarda hərbi təhsilə maraq oyatmaqdan ibarət olub.

Əvvəlcə şagirdlər Akademiyada Sərhəd Qoşunlarının xidməti-döyüş fəaliyyətindən bəhs edən filmə tamaşa ediblər.

Akademiyanın rəisi, general-mayor Araz Məmmədov şagirdlərlə görüş zamanı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandası cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində əldə olunmuş yüksək nailiyyətlər, akademiyanın yaranması və inkişafı, yüksək ixtisaslı sərhədçi zabitlərin, hərbi elmi işçilərinin hazırlanması sahəsində qazanılmış müsbət nəticələr barədə ətraflı məlumat verib.

SHXÇDX-nın şöbə rəisi, polkovnik-leytenant Azər Babayev isə bildirib ki, "Vətənin müdafiəsinə hazıram" adı altında keçirilən silsilə tədbirlər davam edir: "Bu kimi tədbirlər bir neçə mərhələdən ibarətdir. Beləki bütün xüsusi təyinatlı təhsil müəssisələrində sözügedən tədbir təşkil olunacaq. İlk olaraq biz Fövqəladə Hallar Nazirliyinin Akademiyasından başladıq. Əsas məqsəd gənclərimizin, çağırışaqədər yaş həddində olan vətəndaşlarımızın müddətli həqiqi hərbi xidmətə hazırlanmasıdır. Bununla belə onların zabit peşəsinə marağının artırılmasıdır".

Görüşə Bakının Xətai, Nərimanov, Nəsimi rayonlarında təhsildə fərqlənən 100-dən artıq yuxarı sinif şagirdi cəlb olunub. Akademiyada yaradılmış məişət şəraiti və təlim-tədris prosesi ilə yaxından tanış olduqdan sonra şagirdlər çay süfrəsi arxasında kursantlarla söhbət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə