Azərbaycana müstəqillik bəxş edən Dahi Şəxsiyyət TƏDBİR-FOTOLAR

YAP Səbail rayon təşkilatı Ulu Öndərin anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirib
Azərbaycana müstəqillik bəxş edən Dahi Şəxsiyyət TƏDBİR-FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir iştirakçıları öncə Fəxri Xiyabana gedərək, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Konfrans öz işini YAP Səbail rayon təşkilatında davam etdirib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olunub.

Filmin nümayişindən sonra çıxışlara yer verilib.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev Azərbaycan xalqının Dahi Şəxsiyyəti Heydər Əliyevin ölkəmizin inkişaf və tərəqqisindəki misilsiz xidmətlərindən danışıb. O qeyd edib ki, mayın 10-da müasir müstəqil dövlətimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü tamam olur və bu əlamətdar gün münasibətilə respublikamızda və dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirilir: "YAP Səbail rayon təşkilatında da Ulu Öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə xüsusi proqram hazırlanıb, həm rayon təşkilatında, həm də ərazi ilk partiya təşkilatlarında silsilə tədbirlər keçirilir. Ulu Öndər dövrün ən parlaq şəxsiyyətlərindən biri kimi iti və parlaq zəkaya, yüksək intellektə, zəngin erudisiyaya, siyasi uzaqgörənliyə, qətiyyətə, iradəyə və müstəsna təşkilatçılıq qabiliyyətinə malik olan nadir siyasi xadimlərindən biridir. Onun məhz bu kimi meyarlara malik olması inkişaf və tərəqqi yolunu tutmuş Azərbaycanın sonrakı taleyinin müəyyən olunmasında əhəmiyyətli rol oynayıb".

Şəmsəddin Hacıyev bildirib ki, Heydər Əliyev dühası hələ Azərbaycan öz dövlət müstəqilliyini əldə etməmişdən bu barədə düşünmüş, milli-ideoloji xətt üzrə gələcək siyasi xəttini müəyyənləşdirmişdi: "XX əsrin 60-cı illərinin sonundan başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnib. Ulu Öndər Heydər Əliyevin hələ həmin dövrlərdə əsasını qoyduğu azərbaycançılıq ideologiyası və azərbaycançılıq məfkurəsi sonradan Azərbaycanın müasir dünyada yerini müəyyən etməklə yanaşı, həm də milli dövlətçiliyimizin ideya təməlini təşkil etdi. Bu müqəddəs təməlin formalaşması nəticə olaraq, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı".

YAP Səbail rayon təşkilatının sədri həmçinin vurğulayıb ki, bu gün Heydər Əliyev siyasi məktəbinin uğurları Onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən davam etdirilir: "Bu uğurların və tərəqqinin nəticəsidir ki, Azərbaycan ardıcıllıqla həm beynəlxalq arenada, həm də daxildə güclü tərəqqi yolunu tutmaqdadır. Azərbaycan və regionları, o cümlədən Bakı dünyanın döyünən ürəyinə çevrilib. Artıq I Avropa Oyunları kimi möhtəşəm bir idman hadisəsinin də ölkəmizdə reallaşması bütün bu deyilənlərə sübutdur. Biz, bu uğurlarımızı məhz Heydər Əliyev irsinin və siyasi kursunun davamı ilə, Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməklə qazanacağıq".

Çıxış edən 132-134 saylı liseyin direktoru Sara Xanlarova isə qeyd edib ki, Əbədiyaşar Lider Heydər Əliyevin siyasi-ictimai fəaliyyəti və Onun dünya birliyi tərəfindən də Lider kimi qəbul edilməsi ilk növbədə Azərbaycan xalqı üçün bir qürur, fərəh mənbəyidir: "Biz hər zaman Ulu Öndər Heydər Əliyev adı ilə fəxr etmişik. Çünki Azərbaycanın müstəqilliyinin əldə olunmasında, qorunub-saxlanılmasında, tərəqqi yolunu tutmasında Onun müstəsna xidmətləri tarix səhifəmizə qızıl hərflərlə yazılıb. Heydər Əliyev siyasəti bu gün də yaşayır və yaşadılır. Bu siyasəti ölkə başçımız, Prezident İlham Əliyev inkişaf etdirir və Azərbaycanın adını ən yüksək tribunalarda daha da ucaldır. Bu bizim, Azərbaycan xalqının uğurları və növbəti qələbələrə doğru atılan addımlarıdır".

Konfransda çıxış edən digər tədbir iştirakçıları da qeyd etdilər ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilərək zənginləşdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Ümummilli lider Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub.

Vurğulanıb ki, dövlətimizin formalaşması, inkişafı və dünyada tanınması istiqamətində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub və bu gün həmin siyasət çoxşaxəli şəkildə davam etdirilir.

İntizarə Məəmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə