Müsavat Divanı təmsilçisinin kompromatları puç oldu

ADR rəsmisi: “Oxu atıb, yayı gizlətmək lazım deyil, faktları qoysun ortaya!”
Müsavat Divanı təmsilçisinin kompromatları puç oldu

"Osman Kazımovun niyyətini bilmək üçün onun "facebook"da yazdığı statusları oxumaq yetərlidir". Bunu SİA-ya ADR Hərəkatının funksioneri Səxavət Əlisoy Müsavat Partiyasının Divan üzvü Osman Kazımovun partiyanın ötən il keçirilən qurultayındakı başqanlıq seçkisində Vurğun Əyyubun avtomobilində Qubad İbadoğlunun xeyrinə saxta bülletenlərə imzaların atılması barədə əlində foto faktların olmasına münasibətini bildirərkən deyib.

"İstənilən böhtanı atmalıdırlar, aşağılamalıdırlar..."

ADR rəsmisi bildirib ki, Osman Kazımov hüquqşünas olsa da, özünü qeyri-adekvat adam kimi aparır: "Adam hüquqşünasdır. Buna baxmayaraq, elə sözlər ifadə edir ki, sanki özünü əhəmiyyətli şəxs hiss edir. Ümumiyyətlə Arif Hacılının dəstəsindəkilər özləri haqqında çox yüksək fikirdədirlər. Onlar Müsavatı qəsb etdikdən sonra düşünürlər ki, bütün formalarla insanların üzərinə getməlidirlər, istənilən böhtanı atmalıdırlar, aşağılamalıdırlar".

"Vicdanı varsa, şantaj etməsin"

Səxavət Əlisoy Osman Kazımovun əlində bu kimi faktların olmasına inanmadığını deyib: "Bu, çox yanlış fikirdir. Əgər Müsavatın qurultayı zamanı bu məsələ baş veribsə, Osman Kazımovda bunu sübut edən faktlar varsa, cəmiyyətə açıqlasın. Nəyə görə şantaj xarakterli söhbətlər edir? Demokratiyadır. Əlində nə varsa, açıqlasın cəmiyyətə. Bununla da məsələ bitmir axı. O, eyni zamanda Arif Hacılıya necə səs veriblər, onu necə başqan ediblər, azacıq siyasi vicdanı varsa, ondan da danışsın. Oxu atıb, yayı gizlətmək, yəni, faktları gizlətmək lazım deyil. Nəyi varsa, qoysun ortaya!"

Bütün xəbərlər Facebook səhifəmizdə