"Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QDİƏT PA) Hüquqi və Siyasi Məsələlər Komissiyasının 45-ci iclasında müzakirə olunacaq əsas məsələ Qara Dəniz İqtisadi Əməklaşlıq Təşkilatına üzv ölkələrdə seçki məcəllələri, bu sahədə oxşarlıq və fərqliliklərin müzakirəsi ilə bağlıdır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında QDİƏT PA-nın baş katibi Asəf Hacıyev deyib.
Onun sözlərinə görə, bununla bağlı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətininin rəhbəri İhsan Şener məruzə ilə bağlı çıxış edəcək, məruzə ətrafında müzakirə başlayacaq və tövsiyyələr qəbul ediləcək: "Bu tövsiyyələr QDİƏT Parlament Assambleyasının Baş Assambleyasına göndəriləcək və orada təsdiq olunacaq. Daha sonra bu tövsiyyələr Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv 12 ölkənin parlamentlərinə göndəriləcək".
A. Hacıyev deyib ki, iclasda QDİƏT PA-nın statusu barədə məsələ də müzakirə olunacaq: "Artıq 7-8 ildir ki, bu məsələ müzakirə olunur. Çünki hazırkı sənədlərə əsasən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə bağlı bir təşkilatdır. Artıq Parlament Assambleyasının statusu qaldırılmalıdır, dünyanın heç bir yerində Parlament Assambleyası digər bir təşkilatın qolu ola bilməz. Ona görə də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nazirlər və qanunvericilik, yəni Parlament Assambleyası səviyyəsində iki qolu olacaq. Ancaq bu təşkilatlar çox sıx əlaqədə olacaqlar. Çünki Parlament Assambleyasının əsas məqsədi odur ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında qəbul edilən böyük layihələr üçün qanunvericilik bazası yaratsın. Bu layihələr o qədər böyükdür ki, onların həyata keçirilməsi üçün qanvericilik bazası olmalıdır. Ona görə də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birindən həm asılı olmayan, həm də sıx əlaqədə olan iki təşkilat olacaq. 7-8 il əvvəl Parlament Assambleyasının statusunun qaldırılması ilə bağlı müzakirələr nəticə vermədi. Güman edirəm ki, indi bu məsələ asan olmasa da, həllini tapacaq".
"QDİƏT PA-nın statusunun qaldırılması ilə bağlı quruma üzv 6 ölkənin nümayəndə heyətinin rəhbəri ilə görüşmüşəm. Bu görüşlərdə təklifə böyük dəstək gəldi. Düşünürəm ki, digər 6 ölkənin nümayəndə heyətinin rəhbəri də bizi dəstəkləyəcək. İnanıram ki, bu ilin sonunda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının statusunun artırılması barədə məsələ həllini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB