Hikmət Hacıyev: "Azərbaycanda yüksək səviyyəli təmsilçilik təmin olunacaq" MÜSAHİBƏ (Səs TV)

Hikmət Hacıyev: "Azərbaycanda yüksək səviyyəli təmsilçilik təmin olunacaq" MÜSAHİBƏ (Səs TV)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin SƏS TV-yə müsahibəsi:

- Hikmət müəllim, bu gün Argentinanın "Tiempo Argentino" qəzetinin redaktor müavini Luis Faraonin adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb. Ümumiyyətlə, XİN tərəfindən bəzi şəxslərin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər etməsi nəticəsində adlarının arzuolunmaz şəxslər siyahısına daxil olması və oradan çıxarılması ilə nazirlik hansı uğurlu nəticələrə nail olub?

- Ümumiyyətlə təcrübə göstərir ki, Azərbaycan XİN tərəfindən tətbiq olunan arzuolunmaz şəxslər siyahısı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edən şəxslərin kütləvi şəkildə azalmasına xidmət edən bir vasitədir. Təbii ki, statistik göstəricilər də bilavasitə buna dəlalət edir. Əvvəllər bir sıra şəxslər aldadılırdı və müxtəlif vasitələrlə onların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri təşkil edilir, bunun araxasında hər hansı bir məsuliyyətin olmadığı təlqin edilirdi. Amma arzuolunmaz şəxslər siyahısının təqdim olunmasından sonra artıq bir sıra əcnəbi ölkələrin vətəndaşları bu kimi səfərlərdən ehtiyatlı davranırdı və bundan çəkinməyə çalışırdılar. Bilməyərəkdən bu kimi səfərlər baş verdiyi təqdirdə isə onlar tərəfindən Azərbaycana müraciət məktublarının olduğunu görürük. Son aylar ərzində bu müraciət məktublarının sayı daha da intensiv şəkildə artıb. Mövcud prosedur qaydalarına əsasən XİN və ölkəmizin müvafiq qurumları vasitəsilə bu məsələ əlaqələndirilir. Bundan sonra qərar bu şəxsin arzuolunmaz şəxslər siyahısından çıxarılıb-çıxarılmaması barədə qəbul edilir. Amma təcrübə və tendensiya ona dəlalət edir ki, bu kimi müraciətlərin sayı artıb. Bu müraciətlərdə vacib şərt, Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və yol verilmiş bu hərəkətə münasibətdə peşmançılıq hissi bir daha ifadə olunur, onun təkrarlanmayacağına zəmanət verilir.

- Bildiyiniz kimi, bu yaxınlarda ölkəmizdə birinci Avropa Oyunları keçiriləcək. Amma bu ərəfədə xarici təşkilatlar tərəfindən Azərbaycana qarşı müxtəlif qarayaxma kampaniyası həyata keçirilir. Nazirlik olaraq bu istiqamətdə hansı işlər görürsünüz?

- Azərbaycan tərəfindən birinci Avropa Oyunlarının keçirilməsi, ilk növbədə Olimpiya Xartiyasının məram və məqsədlərindən irəli gələn bir addımdır. Azərbaycan dəfələrlə Olimpiya Xartiyasının məqsəd və məramlarına öz sadiqliyini bəyan edib. Ölkəmizdə idmana milli səviyyədə göstərilən qayğı və Azərbaycanda indiyədək beynəlxalq səviyyəli idman tədbirlərinin keçirilməsi dövlətimizin nə dərəcədə Olimpiya hərəkatının məqsəd və məramlarına sadiq olduğunu göstərir. Bundan əlavə isə Azərbaycan BMT Baş Assambleyasında və eyni zamanda BMT-nin İnsan Hüquqları şurasında idmanla əlaqədar olan və idmanın insan hüquqlarının təşviqinə xidmət edən vasitə kimi qətnamələrin qəbul olunmasında çox yaxından iştirak edib və öz töhfəsini verib. Ona görə də Azərbaycan tərəfindən Olimpiya Xartiyasının məqsəd və məramlarından çıxış edərək idman əslində insan hüquqlarının təşviqinə, davamlı inkişafa, sülhə, ədalətə, sabitliyə xidmət edən bir vasitə kimi qiymətləndirilir. Azərbaycanın bu mövqeyi BMT Baş Assambleyasındakı qətnamələrdə, eyni zamanda İnsan Hüquqları şurasında qəbul olunmuş qətnamədə öz əksini tapıb. Yəni bu missiyadan çıxış edərək, bu məramlara sadiqliyini bir daha nümayiş etdirərək Azərbaycan Respublikası tərəfindən I Avropa Oyunlarına ev sahibliyi edilir. Təəssüf ki, onilliklər ərzində pan-Afrika, pan-Asiya kimi qitələri birləşdirən oyunlar olsa da, ümumavropa səviyyəsində belə oyunlar yox idi. Ona görə də Azərbaycan tərəfindən bu oyunlara ev sahibliyi edilməsi, məhz Olimpiya hərəkatının sanki Avropada bir daha öz mövqeyini tapmasına xidmət edir. BMT İnsan Hüquqları şurasının qəbul etdiyi qətnamədə, o cümlədən BMT Baş Assambleyasının qətnamələrində bir daha təsbit olunub ki, idman siyasi məqsədlər üçün istifadə oluna bilməz. Bununla belə, idmandan bir vasitə kimi istifadə edərək siyasi təbliğat hərəkətlərinin həyata keçirilməsi məqbul bir hal deyil. Amma təəssüflər olsun ki, bir sıra dairələr özlərini insan hüquqlarının carçısı kimi təqdim edirlər. Onlar tərəfindən idman hadisələri məqsədyönlü şəkildə siyasi məqsədlər üçün istifadə olunur. Azərbaycan təcrübəsindən də biz görürük ki, bir sıra dövlətlər ölkəmizə qarşı qarayaxma kampaniyasını həyata keçirməyə cəhd göstərirlər. Bunlar hər bir halda əsassız addımlardır. Bakı I Avropa Oyunlarının keçirilməsi eyni zamanda Azərbaycan xalqının iradəsi və qürur mənbəyidir. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi "Avropa Oyunlarının standartları Azərbaycanda müəyyən olunacaq". Təbii ki, bu da dövlətimizin beynəlxalq sülhə, təhlükəsizliyə, ümumavropa miyasında mədəniyyətləarası dialoqa, islamafobiya meyllərinin meydana çıxmasına və s. amillərə qarşı müsbət bir töhfəsidir.

- Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində ölkəmizə idmançılarla yanaşı, xarici dövlətlərin diplomatik korpusunun nümayəndələri də təşrif buyuracaq. Onların Azərbaycanda yerləşdirilməsi prosesi necə aparılacaq?

- Azərbaycan XİN tərəfindən genişmiqyaslı bir akkreditasiya prosesi həyata keçirilir. Akkreditasiya prosesində müxtəlif kateqoriyalı insanlar vardır. Avropa Oyunlarına dünya miqyasında verilən əhəmiyyətin təzahürüdür ki, Azərbaycanda çox yüksək səviyyəli təmsilçilik təmin olunacaq. İkincisi burada iştirak edəcək idmançılardır. Artıq Avropanın 50 ölkəsinin idmançıları burada öz güclərini sınayacaqlar. Bu da ümumavropa kontekstində hər hansı bir siyasi məsələlərdən, ayrı-seçkilikdən kənar bir şəkildə bütün insanların dostluq, əməkdaşlıq şəraitində idman arenasında özünüifadənin bir təcəssümüdür. Bakıda 6 mindən artıq idmançı iştirak edəcək. 3 min nəfər isə onları dəstəkləyən heyət olacaq. Ümumilikdə 2 mindən artıq xarici jurnalist Avropa Oyunlarını işıqlandırmaq üçün akkreditasiya məqsədilə Azərbaycana müracət ediblər. Xeyli sayda azarkeşin isə bu Oyunlara marağı vardır. Azərbaycan xalqı da qürur mənbəyindən çıxış edərək öz qonaqpərvərliyini göstərəcək.

- Hikmət müəllim, mətbuatda ATƏT-in Minsk qrupunun formatının ləğv olunması ilə bağlı mütəmadi yazılar dərc olunur. Siz bu barədə nə deyə bilərsiniz?

- Ümumiyyətlə bu kimi yazıların hər hansı bir əsası yoxdur. Azərbaycan Respublikası ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həlli istiqamətində danışıqlar prosesində iştirak edir və fəaliyyətini davam etdirir. Təbii ki, ATƏT-in Minsk qrupu da bu istiqamətdə öz işini görür. 24 aprel qondarma "erməni soyqırımı" hadisələri ilə əlaqədar olaraq erməni tərəfinin təqdim etdiyi əsassız emosiyaların fonunda ola bilər ki, ATƏT-in Mink qrupunun fəaliyyətində bir qədər sakitlik cə sükut özünü göstərirdi. Bu hadisələr, emosional bir mərhələ başa çatdıqdan sonra artıq praktiki müstəvidə danışıqları davam etdirmək olar. ATƏT-in Minsk qrupunun həmsədrləri 2014-cü ilin əvvəlində regiona səfər etmişdilər. Gündəlikdə əsas məsələ isə yenə də Böyük Sülh Sazişi əsnasında işin aparılması idi. Amma təəssüflər olsun ki, Ermənistan tərəfindən hələdə də konkret bir mövqe ifadə olunmayıb. Hesab edirik ki, qarşıdan gələn aylar ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsas istiqaməti yenə də Böyük Sülh Sazişinin müzakirə edilməsi və onun gündəmə gətirilməsi olacaq.

- Qondarma "erməni soyqırımı"nın ifşa olunması istiqamətində Azərbaycan XİN-in xarici ölkələrdəki diplomatik korpusunun nümayəndələri hansı işləri görüblər?

- Bu məsələ ilə əlaqədar Azərbaycan XİN-lə Türkiyə XİN arasında əlaqələndirlmiş iş həyata keçirildi. Bununla bağlı Azərbaycan Respublikasının səfirlikləri də təlimatlandırılıb ki, Türkiyə tərəfi ilə birgə bu istiqamətdə fəaliyyəti həyata keçirsinlər. Azərbaycan tərəfindən ilk növbədə mövqeyimiz ondan ibarət idi ki, Ermənistanın özünün, ümumiyyətlə isə ermənilər tərəfindən daşnaq qruplaşmaları rıçarq olunsun. Eəcə də XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqına qarşı törədilmiş bu "soyqırımı", insaniyyətə qarşı cinayət əməlləri aşkar edilərək faktlar əsasında dünya ictimaiyyətinə çatdırılsın. Ermənistan ilk növbədə bu kimi əməllərinə görə hesabat verməlidir.

- Son olaraq, bu gün Bakıda Azərbaycan NATO Beynəlxalq Məktəbinin (NISA) növbəti konfransı keçirildi. Ümumiyyətlə konfransın əhəmiyyəti ilə bağlı nələri söyləmək olar?

- NATO Beynəlxalq Məktəbi konsepsiyası artıq 2003-cü ildən etibarən fəaliyyət göstərir. Burada Avro-Atlantik məkanda olan gənclər toplaşır və orada akademik dairələri, qeyri-hökumət təşkilatlarını təmsil edən gənclər təmsil olunurlar. Təbii ki, bu da NATO-nun ictimai diplomatiya idarəsi və Azərbaycan XİN tərəfindən dəstəklənir. Burada ümumavro-Atlantika məkanına, hətta onun hüdudlarından kənarda narahatedici, xüsusi əhəmiyyət doğuran məsələlər müzakirə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə