Mərkəz sədri: “Türkiyəni daha böyük “sürprizlər” gözləyir”

Mərkəz sədri: “Türkiyəni daha böyük “sürprizlər” gözləyir”

"Avropa Parlamentinin qondarma "erməni soyqırımı"nı tanımasını Roma Papasının bu barədə dedikləri ilə birbaşa əlaqələndirmək doğru olmazdı. Əlbəttə, müəyyən təsiri var. Amma Avropa Parlamentinin onsuzda məsələyə münasibətdə erməni iddialarını dəstəklədiyi bilinir". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.

Mərkəz sədri qeyd edib ki, Avropa Parlamenti hələ 1987-ci ildə qondarma "erməni soyqırımı"nı tanımışdı və 13 mart 2015-ci ildə Avropa İttifaqına üzv dövlətlərdən də qondarma erməni soyqırımını tanımalarını istəmişdi: "Hər nə qədər Avropa Parlamentinin aldığı qərarda müasir Türkiyənin bu tarixi hadisədən məsul olmayacağı bildirilsə də, bu, yalandan başqa bir şey deyil. Bu, Türkiyəni aldatmaqdır. Olmayan "erməni soyqırımı" 100 ildir xristian dünyasını məşğul edir və Avropa dövlətləri bu barədə qərarlar qəbul edirsə, yaxın gələcəkdə Ermənistan və Avropa dövlətlərinin Türkiyədən təzminat, torpaq tələblərini gündəmə gətirəcəkləri gün kimi aydındır".

H. Cabbarlı bildirib ki, bu məsələ ilə bağlı son 100 ildə cərəyan edən hadisələri təhlil edərkən möhtəşəm və çox yönlü bir psixoloji əməliyyat aparıldığını görmək mümkündür: "Bu, Avropanın Türkiyəyə münasibətdə ikili standartı belə deyil. Bu, Türkiyənin dövlət təhlükəsizliyi məsələsidir. Hər ötən ildə Türkiyə bu məsələ ilə bağlı daha ciddi problemlərlə qarşılaşır, fəaliyyət meydanı daha da kiçilir və müqavimət gücü zəifləyir. 24 aprel tarixinə qədər Türkiyəni daha böyük "sürprizlər" gözləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə