Əli Həsənov nazirlə görüşüb YENİLƏNİB-FOTOLAR

Əli Həsənov nazirlə görüşüb YENİLƏNİB-FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə bu ölkənin İslami Şura Məclisinin üzvləri, millət vəkilləri Salar Muradi, Əli Mərdani, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, səfirlik əməkdaşı Cavanşir Quliyev və digərləri iştirak edib.

Görüşdə iki ölkə arasında olan əlaqələr və əməkdaşlıq məsələləri müzakirə olunub.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, İran böyük, güclü dövlətdir, böyük dövlətçilik tarixinə malikdir. Vurğulanıb ki, iki dost, qardaş ölkələr arasında münasibətlər çətin dövrlərdə özünü daha çox büruzə verir.

Komitə sədri diqqətə çatdırıb ki, bu gün Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin problemlərini həll etmək iqtidarındadır: "Amma təəssüf ki, bu gün dünyada ədalətsizlik hökm sürür. BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələri, qərarları icra olunmur. ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ probleminin həlli ilə səthi məşğul olurlar. İran, Türkiyə və Azərbaycanın həmrəyliyi nə qədər güclənsə, region və bu ölkələr üçün o qədər yaxşı olar".

Qonaq isə öz növbəsində Azərbaycanda olmaqdan məmnun olduğunu dilə gətirib və Azərbaycan torpaqlarının işğal altında olmasını İran üçün xoş olmadığını dilə gətirib: "İnanırıq ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə sülh yolu ilə ədalətli həllini tapacaq. Biz sizin yanınızdayıq. Biz bir-birimizə kömək olub, problemlərimizi özümüz həll etməliyik".

Sonda qonaqlara Azərbaycan Respublikasının Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tərəfindən hədiyyələr təqdim olunub.

Görüşə səmimi söhbət əsasında yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə