Politoloq: “Ermənistanın münaqişəni həll etmək niyyəti yoxdur”

Politoloq: “Ermənistanın münaqişəni həll etmək niyyəti yoxdur”

"Rusiyada səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan "Rossiya-24" telekanalına müsahibəsində yenə də ənənəvi olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real vəziyyəti təhrif edən bəyanatlar səsləndirib. İlk növbədə o bu münaqişədəki son vəziyyətə görə, Azərbaycanı ittiham edir. Guya Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil, ATƏT-in Minsk qrupunun təkliflərini qəbul etmir. Yəni, Ermənistan bu təklifləri qəbul edir, Azərbaycan isə yox". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib.

Onun sözlərinə görə, E. Nalbandyan yenidən Rusiya ictimaiyyətini, eyni zamanda beynəlxalq ictimai fikri çaşdırmaq üçün həqiqətin kökündən təhrif olunduğu belə yanaşmalar səsləndirib: "Hesab edirəm ki, bunlar nəticə etibarı ilə onu təsdiqləyir ki, Ermənistanın münaqişəni sülh yolu ilə həll etmək yoxdur".

Politoloq vurğulayıb ki, Ermənistan xarici işlər naziri əgər Rusiyada yenidən belə bəyanatlar verirsə, bu ATƏT-in Minsk qrupu üçün bir dərs olmalıdır: "Çünki, ATƏT-in Minsk qrupu 2009-cu ilin dekabr ayında Afinada münaqişənin həlli üçün Yenilənmiş Madrid Prinsiplərini irəli sürüb. Həmin prinsiplər Praqa prosesinin davamıdır. Bu prosesə görə, münaqişə mərhələli şəkildə həllini tapmalıdır. ATƏT-in Minsk qrupu həmin prinsiplərlə danışıqlar prosesini aparır. Amma, bu günə kimi həmin təklifləri qəbul etməyən məhz Ermənistandır. Ona görə də Ermənistan xarici işlər nazirinin bu bəyanatı ATƏT-in Minsk qrupu üçün bir siqnal olmalıdır. Çünki, E. Nalbandyanın müsahibəsində səsləndirdiyi fikirlərin fonunda münaqişəni həll edə bilməyəcək".

E. Nəsirov deyib ki, əgər ATƏT-in Minsk qrupu fəaliyyətini bu şəkildə davam etdirsə, onların xarici işlər nazirləri və ilin sonunda prezidentlər səviyyəsində görüş təşkil etmək cəhdi də yekun etibarı ilə heç bir sülh sazişinə gətirib çıxara bilməz: "Əslində ATƏT-in Minsk qrupunun bu fəaliyyətsizliyindən Ermənistan tərəfi çox məmnundur. Çünki, bu fəaliyyət status-kvo vəziyyətinin qorunub saxlanmasına xidmət edir. Ona görə E. Nalbandyan Moskvada belə məsuliyyətsiz bəyanat verir. Eyni zamanda arxayındır ki, ATƏT-in Minsk qrupu tərəfindən lazımı adekvat cavab verilməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə