Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvləri ötən gün Bakının Yasamal rayonu ərazisində yerləşən "Məhsul" stadionunda "Milli Şura"nın keçirdiyi mitinqlə bağlı fikirlərini bildiriblər. SİA gənclərin fikirlərini təqdim edir:
.jpg)
YAP Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov: "Azərbaycan siyasi sistemində heç bir təsir qüvvəsinə malik olmayan, əsas etibarilə, özündə radikal ünsürləri birləşdirən "Milli Şura"nın sonuncu mitnq şousu bir çox məqamları növbəti dəfə aşkar etdi. Əvvəla, Azərbaycan cəmiyyəti radikal müxalifətə etimad göstərmir. Heç bir sosial dəstəyə malik olmayan dağıdıcı ünsürlər xalqdan dəstək ala bilmədiklərinə görə "mitinq", "aksiya" kimi siyasi şoulara istinad edərək cəmiyyəti manipulyasiya məruz qoymağa çalışırlar. İkincisi, qondarma "Milli Şura"nın mitinq şousunda səsləndirilən fikirlər bir daha onu göstərir ki, bu ünsürlər anti-Azərbaycan dairələrin tapşırıqları əsasında hərəkət edirlər və məqsəd aldıqları qrantlar müqabilində Azərbaycanda qeyri-sabitlik yaratmaq, xaos mühiti formalaşdırmaqdır. Hətta əsas məqam budur ki, radikal müxalifət bu prosesdə ermənipərəst qüvvələrlə sinxron hərəkət edir. Üçüncü məqam ondan ibarətdir ki, "Milli Şura" çətiri altında birləşən radikal ünsürlər Azərbaycan dövlətina qarşı "qara piar" kampaniyası aparır, həyata keçirilən daxili və xarici siyasət sayəsində əldə edilən nailiyyətlərə kölgə salmağa çalışır. Amma reallıqlar və faktlar göstərir ki, bütün bu cəhdlər uğursuzdur və iflasa məhkumdur. Dördüncüsü isə, bu qondarma qurumun çətiri altında birləşən "siyasətçi"lərin mövqe və davranışları uğursuz olmaqla yanaşı, həm də cəmiyyətdə ikrah doğurur. Məsələn, vaxtilə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasəti təqdir edən Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi şəxslərin mütəmai olaraq, eləcə də mitinq şousu çərçivəsində böhtan və manipulyasiya xarakterli fikirlər səsləndirmələri bunun bariz nümunəsidir. Bütün bu sadalananların nəticəsi kimi, "Milli Şura"nın timsalında radikal müxalifət son hadisələrin fonunda iflasa düçar oldu. Əslində, dağıdıcı qüvvələrin mütləq şəkildə iflasa uğraması labüd və qaçılmaz proses idi. Bir sözlə, radikal müxalifətin "fəallıq" görüntüsü və antimilli fəaliyyəti bir daha uğursuzluqla nəticələndi. Növbəti dəfə bəlli oldu ki, milli maraqlara xidmət etməyən siyasət iflasa məhkumdur. Siyasi manipulyasiya və mitinq şousu ilə canlanmaya çalışan "Milli Şura"nın isə "ölü doğulmuş təşkilat" olması bir daha təsdiqləndi".

YAP Gənclər Birliyi ofisinin koordinatoru Aliyə Ağrılı: "Ötən gün "Milli Şura" keçirdiyi mitinqlə növbəti dəfə öz rəzilliyini ortaya qoydu. "Talana son", "Yalana son" şüarları adı altında mitinq keçirmək cəhdi müxalifətin əsl iç simasını göstərdi. 22 ildir ki, radikal müxalifət qüvvələri bu kimi şüarlarla cəmiyyət və ictimaiyyətin diqqətini özünə cəlb etmək istəyir. Gah ictimaiyyəti üsyana çağırdı, gah qiymət artımına etiraz etdi, gah hakimiyyətin istefasını tələb etdi. Hər dəfə də keçirdikləri mitinqlərə 300-500-dən artıq adam toplaya bilmədiyindən biabır oldu. 10-15 partiya, QHT-nin "birliyi" olan bir qüvvənin meydana 500 adam çıxarması müxalifətin heç bir potensiala malik olmadığının göstəricisidir. Sonuncu mitinqdə, özünü ana müxalifət adlandıran Müsavat, ADP, KXCP və digər partiyaların iştirak etməməsi də düşərgədə həmrəyliyin olmadığını əsaslandırır. 22 ildir birliyə həsrət qalan müxalifətin belə mitinqlər keçirməklə xalqdan dəstək istəməsi uğursuzluqla nəticələnir. Müxalifət ona verilən meydanda həmişə xalqı üsyana, hakimiyyətə, dövlət və dövlətçiliyimizə qarşı səsləyib. Bir dəfə də olsun ümummilli məsələlərimizi gündəmə gətirməyib. Bu da onların şəxsi maraqlarının milli maraqlarımızdan üstün tutmasını deməyə əsas verir. Elə bu maraqların qurbanına çevrilən müxalifət xalqdan uzaqlaşıb, xalq onu qəbul etmir. Radikal müxalifət qüvvələri hər mitinqdən-mitinqə həm daxildə, həm də xaricdə rəzil olur. Danılmaz faktlardan biridir ki, bəzi müxalifət qüvvələrimiz Qərb dairələri tərəfindən maliyyələşir və himayə olunurlar. Bütün məsələlərdə hakimiyyəti tənqid edən müxalifət meydanlarda şou göstərməkdədir. Ətrafında cangüdənlər saxlayan, dəbdəbəli villalarda qalan, qiymətli avtomobillər və qərargahlara malik olan, övladları xaricdə təhsil alan müxalifətin haradan maliyyələşdiyi də aydındır. Yaxşı olardı ki, müxalifət liderlərimiz əhalini meydanlara səsləməkdənsə onlara bu hesabatı versin, bunun hesabı müxalifətdən sorulsun. Bir-birini xəyanətdə, yalançılıqda, satqınlıqda ittihamlayan radikal müxalifət liderləri Qərbin pulu və diktəsi ilə bu gün tribunalarda yan-yana dayanmaq məcburiyyətində qalırlar. Belə bir müxalifət hələ 22 il öncə Azərbaycan xalqı tərəfindən baykot olunub, özündən kənarlaşdırılıb".

YAP Gənclər Birliyi ofisinin koordinatoru Ümid Abuzərli: "Aprelin 5-də müxalifətin radikal qanadının toplaşdığı "Milli Şura" özünün növbəti mitinqini keçirdi. Əslində, bu aksiya ilə radikallar bir daha özlərini gülüş hədəfinə çevirdilər. Belə ki, həmin gün "möhtəşəm mitinq" keçirəcəyini elan edən və bu məqsədlə öz təsir dairəsində olan mətbuat orqanlarında çağırışlar səsləndirən qondarma "Milli Şura" rəhbərləri nəticədə fiaskoya uğradılar. Aksiyada bir neçə yüz nəfərin iştirakı bir daha sübut etdi ki, "Milli Şura"da təmsil olunan müxalifətin heç bir sosial bazası, elektoratı yoxdur, bu qurumda ailə, qohum-əqrəba qrupu təmsil olunur. Eyni zamanda, bu aksiya radikal, dağıdıcı müxalifətin təbliğ etdiyi "müxalifətin birliyi" ideyasının sabun köpüyü olduğunu, "Milli Şura" funksionerləri arasında hökm sürən ciddi ziddiyyətlər və fikir ayrılığını tam çılpaqlığı ilə nümayiş etdirdi. Həqiqətən, 5 aprel mitinqi sübut etdi ki, radikalların toplaşdığı "Milli Şura" həqiqətən ölüdür. Beləliklə də, radikallar nə etsələr də, siyasi cəhətdən iflasa məhkum olduqlarını inkar etmək iqtidarında deyillər. Əlbəttə ki, bu mövzu vaxtaşırı olaraq gündəmə gəlir və radikalların "Milli Şura"sının ölkənin ictimai-siyasi həyatına zərrə qədər də təsir göstərmədiyi dəfələrlə vurğulanıb. Çünki nə qondarma qurumun sədri Cəmil Həsənov, nə də AXCP sədri Əli Kərimli cəmiyyətdə heç bir nüfuz sahibi deyil. Halbuki, onlar özlərini müxalifət düşərgəsinin əsas "simaları" və "Milli Şura"nın "liderləri" hesab edirlər. Amma reallıq ondan ibarətdir ki, təşkilatda özlərindən və qovluqlarından başqa heç kim qalmayıb. Diqqət çəkən məqam ondan ibarətdir ki, bu qurumda toplaşan və mitinqdə çıxış edənlər perspektivsiz "siyasətçi"lərdir. Eyni zamanda, təşkilatın rəhbərliyi arasında da daim ziddiyyət mövcud olub. Məsələn, 2005-ci ildə parlament seçkilərində deputat mandatından imtina etdiyi üçün Cəmil Həsənli Əli Kərimli tərəfindən AXCP-dən qovulmuşdu. İndi isə yenə də guya bir yerdədirlər. Amma onların arasında səmimiyyətin olmadığı qətiyyən şübhə doğurmur. Deputat olduğu zamanlarda mövcud hakimiyyətin siyasətini dəstəkləyən C.Həsənli 2010-cü ildə seçicilərin etimadını qazana bilmədiyi üçün mövqeyini 180 dərəcədə dəyişdi. Belə uğursuz "siyasətçilərdən" biri də Gültəkin Hacıbəylidir. 10 il Milli Məclisin deputatı olduğu zamanlarda iqtidarın siyasətini birmənalı şəkildə dəstəkləyən və radikal müxalifəti tənqid edən G.Hacıbəyli artıq oriyentasiyasını itirib. Beləliklə də, "Milli Şura" əqidəsi bəlli olmayan, uğursuz "siyasətçilərdən" formalaşıb. Bu adamların keçirdiyi mitinqələrə isə ictimai dəstək heç zaman mümkün ola bilməz. 5 aprel mitinqi də bunu sübut etdi. Bütövlükdə, hər zaman mitinq taktikası "Milli Şura" ideyasının, həmçinin, bu qondarma qurumda cəmləşən dağıdıcı müxalifətin tam iflasını, fiaskosunı təsdiqləyir. Çünki Azərbaycan cəmiyyəti sağlamdır və milli maraqlarımıza zidd fəaliyyət göstərən radikal müxalifətin hər hansı layihəsində iştirak etmir. Bu mənada 5 aprel mitinqi də radikalların nə qədər zəif və aciz durumda olduğunu bir daha təsdiqlədi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB