Komitə sədri: “Bizim icma qeydiyyatı ilə bağlı problemimiz yoxdur”
"İlk öncə qeyd edim ki, dini icmaların qeydiyyata alınması müəyyən olunmuş qanunla həyata keçirilir". Bunu SİA-ya Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bəzi dini icmaların təkrar qeydiyyatdan keçərkən sənədlərində yaranan çatışmazlıqlara münasibət bildirərkən deyib.
Komitə sədrinin sözlərinə görə, dini icmalar istər islam dininə, istərsə də xristian, yəhudi dininə aid icmalar olsun, onlar müvafiq sənədləri DQİDK-ya təqdim edirlər. Bundan sonra isə komitə həmin sənədlərə baxır və onu qeydiyyata alır: "Müsəlman icmaları üçün qayda belə müəyyənləşib ki, onlar əvvəlcə sənədlərini Qafqaz Müsəlmanları İdarəsinə təqdim edirlər və həmin sənədlər QMİ-dən DQİDK-ya göndərilir. Beləcə komitə sənədlərə baxaraq, onu qeydə alır. İcmaları qeydiyyata almaq üçün həmin icmanın hüquqi ünvanı, eyni zamanda onun ən azı 50 nəfər üzvü olmalıdır. Bununla belə, icma üzvülüyü üçün də müəyyən məhdudiyyətlər var. Siyasi partiya üzvləri, seçkili orqanlarda təmsil olunan şəxslər icma üzvü ola bilməzlər. İcma üzvləri mövcud hüquqi ünvan olan ərazidə yerləşməlidir. Əgər müsəlman icmasıdırsa, o hansısa bir məscidin nəzdində fəaliyyət göstərə bilər. Xristian icmaları isə özlərinin müvafiq rəhbər qurumları tərəfindən bizə göndərilən məktub əsasında nəzərdən keçirilərək qeydə alınır".
M.Qurbanlı bildirib ki, əgər bu və ya digər icmanın qeydiyyatında müəyyən çətinlik yaranırsa, bu, qurum tərəfindən olmur: "Bu, həmin icmanın sənədlərindəki bu və ya digər çatışmazlıqlarla bağlı olur. Ona görə də biz bu məsələ ilə əlaqədar vaxtaşırı izahat işi aparırıq. Bununla bağlı bizim xüsusi izahedici göstərişlərimiz, tövsiyyələrimiz var. DQİDK-nın internet saytı var. Saytda komitə haqqında məlumatlarla bərabər bu və ya digər hüquqi məsələlərlə əlaqədar qaldırılan suallara cavablar da yerləşdirilir. Hesab edirəm ki, bundan da istifadə edərək, icmaları qeydiyyatdan keçirmək istəyən şəxslər bu yöndə addımlar atırlar. Yəni bizim icma qeydiyyatı ilə bağlı problemimiz yoxdur. Bəzi icmalar vardır ki, onlar xristian dininə aid olan icmalardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB