“Xocalı soyqırımı beynəlxalq cinayətdir”

“Xocalı soyqırımı beynəlxalq cinayətdir”

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin Gəncə Regional Mərkəzi və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tovuz rayonundakı Heydər Əliyev Mərkəzində "Xocalı soyqırımı beynəlxalq cinayətdir" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, qanlı soyqırımının 23-cü ildönümü münasibətilə təşkil edilmiş tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, müxtəlif idarə, müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər.

İlk öncə, Xocalı soyqırımı zamanı həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra rayon icra hakimiyyəti başçısının müavini bu soyqırımının mahiyyəti barədə iştirakçılara məlumat verərək, Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşlarına aktual mövzuda keçirilən tədbirə görə minnətdarlığını bildirib.

Çıxış edən Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən dəhşətli hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı olub. Qeyd olunub ki, bu hadisə öz qurbanlarının məruz qaldığı vəhşilik və qeyri-insani hərəkətlərin, pozulmuş insan hüquqlarının miqyasına görə dünya tarixində baş vermiş Xatın, Lidiçe, Sonqmi kimi faciələrlə ilə eyni səviyyədə durur.

Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələrinin keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücumu nəticəsində bir gecədə bu şəhər yerlə yeksan edilmiş, yerli əhali dağlara, meşələrə qaçıb. Silahlı ermənilər dinc əhaliyə amansızcasına divan tutublar. Meşələrə, dağlara səpələnən əliyalın insanların çoxu şaxtada donaraq məhv olub.

Ombudsmanın nümayəndəsi qeyd edib ki, cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb. Onların 106 nəfəri qadın, 63-ü uşaq, 70-i isə qocalar idi. 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülərək ağlasığmaz təhqir və həqarətlərə məruz qalıb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib.

Bildirilib ki, Xocalıda baş vermiş hadisələr zamanı Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayət əməlləri 1948-ci il 9 dekabr tarixli "Genosid cinayətinin qarşısının alınması və cazalandırılması haqqında" Konvensiyaya əsasən tövsif edilməli, faciənin günahkarları beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməlidir.

Azərbaycan Ombudsmanının haqq işimizin dünyaya çatdırılması istiqamətində məqsədyönlü fəaliyyəti, Xocalı soyqırımı ilə bağlı hər il nüfuzlu beynəlxalq qurumlara ünvanlanan bəyanatları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə