Vəfa Quluzadə: “Ermənistanın səbri tükənib” AÇIQLAMA

“Ermənilər dirəniş göstərsə, rus hərbi bazasını Ermənistandan çıxara da bilərlər”
Vəfa Quluzadə: “Ermənistanın səbri tükənib” AÇIQLAMA

"Rusiyanın Ermənistanda həyata keçirdiyi siyasət erməni xalqını boğaza yığıb". Bunu SİA-ya politoloq Vəfa Quluzadə hazırda Ermənistanda baş verən hadisələri şərh edərkən deyib.

Politoloq deyib ki, Rusiyanın imperiya siyasəti, Ermənistanı özünün hərbi bazası etdiyinə görə, erməni xalqı çox ağır vəziyyətə düşüb: "Bu ölkənin iqtisadiyyatı çöküb. Qonşuları ilə müharibə vəziyyətində və ya əlaqələri yoxdur. Ermənistan gələcəyi olmayan bir dövlətdir. Ona görə də Ermənistanın səbri tükənib. Bu ölkədəki Rusiya siyasəti onları boğaza yığıb. Ona görə də bu hadisə erməni xalqının kəskin etirazı ilə qarşılanır. Əgər ermənilər dirəniş göstərsələr, bu rejimdən və Rusiyadan ayrıla bilərlər. Ona görə də ermənilər Dağlıq Qarabağ məsələsi haqqında ciddi düşünməli, bu problemi Rusiyasız həll etməklə bağlı addımlar atmalıdırlar. Bu münaqişə həllini tapsa, Ermənistan düşdüyü vəziyyətdən xilas ola bilər. Fikir verin, bu gün ac-yalavac erməni xalqı görün nə qədər pulu nəyə görə xərcləyir. Bunların hər biri hazırkı partlayışa gətirib çıxarıb. Ermənistanda keçirilən mitinqlərdə Rusiyanın bayrağı tapdanılır, əleyhinə şüarlar qaldırılır. Bu hadisələr Ermənistandakı acınacaqlı vəziyyəti göstərir".

Ermənistanın öz ərazisini rus hərbi bazasından təmizləmə ehtimalı mümkündürmü sualımıza isə V. Quluzadənin cavabı belə oldu: "Ermənistanın öz ərazisini rus hərbi bazasından təmizləmə ehtimalı mümkündür. Niyə mümkün deyil? Əlbəttə, mümkündür. Çünki, bu dəqiqə Rusiya Ermənistana müharibə elan etməyəcək. Əgər onların imkanı olsa ki, bir qədər böyük dirəniş göstərsinlər, o zaman rus hərbi bazasını Ermənistandan çıxara da bilərlər. Sözsüz ki, Rusiya imperiya olaraq qalır və siyasətində heç bir dəyişiklik etməyib. Hesab edirəm ki, Rusiya çökməyənə qədər imperiya siyasətini dəyişməyəcək. Amma bu gün Rusiya çöküşə doğru gedir. Çünki, çox pis vəziyyətdədir. Ona görə də bu hadisələri çox diqqətlə izləyirəm. Baxaq görək, ermənilər bu zillətdən çıxa biləcəkmi?".

Bütün xəbərlər Facebook səhifəmizdə