Qarabağ seçkiyə hazırlaşır MÖVQE

Sərdar Cəlaloğlu: “Qarabağ Bloku seçki blokuna çevrilə bilər”
Qarabağ seçkiyə hazırlaşır MÖVQE

"Qarabağ Bloku uzunmüddətli fəaliyyət göstərən siyasi blokdur. Seçki bloku isə tamamilə fərqlidir". Bu fikirləri SİA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ötən həftə bu ilin payızında keçiriləcək parlament seçkiləri ilə bağlı seçki blokunun yaradılması təklifinə münasibətini bildirərkən deyib.

ADP sədri qeyd edib ki, əgər seçki bloku təklifi reallaşarsa, həmin blok məhz seçki ilə bağlı olacaq: "Əgər blokun yaranması reallaşarsa, onun fəaliyyəti yalnız seçkilərlə əlaqəli olacaq. Seçkidən sonra isə hərə öz yoluna davam edəcək. Ona görə də, yeni yaradılacaq blok sadəcə seçkiyə hesablanmış olacaq. Bu baxımdan da blok başqa müstəvidə yaradılmalıdır".

Sərdar Cəlaloğlu hazırda Ümid Partiyası ilə birlikdə Qarabağ Blokunda təmsilçiliyinin seçkilərlə əlaqələndirilməsinin tərəfdarı olmadığını deyib. ADP sədri bildirib ki, bu blokun seçkilərə heç bir aidiyyatı yoxdur, çünki həmin blok yaradılarkən, siyasi məqsədlərlə yaradılıb, seçkilərlə deyil. Partiya sədri Qarabağ Siyasi Blokunun yalnız bir halda seçki blokuna çevrilə biləcəyini deyib: "Yeni bir seçki bloku yaradılsa belə, Qarabağ Blokunun dağılacağına inanmıram. Biz Ümid paartiyası ilə birgə yeni yaradılacaq seçki blokuna daxil olmağı. Yox, əgər seçki bloku yaradılmasa Qarabağ Blokunu seçki bloku kimi qeydiyyatdan keçirməyi düşünürük".

Sərdar Cəlaloğlu rəhbəri olduğu partiyanın və müttəfiqi olan Ümid Partiyasının daha çox Müsavat Partiyası ilə seçki blokunda təmsil olunması ehtimalını istisna etməyib: "Ətrafımızda real olaraq görmək istədiyimiz partiyalardan biri Müsavat Partiyasıdır. Bizimlə əməkdaşlığa az-çox meyilli görünən Müsavat ola bilər".

Xatırladaq ki, ADP sədri digər müxalifət partiyaları ilə seçki blokunda təmsil olunmağın real səmərə verməyəcəyini də deyib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə