Mübariz Əhmədoğlu: “Ermənilər düşünürdü ki, Uruqvay dövlətini aldadacaqlar” AÇIQLAMA

Mübariz Əhmədoğlu: “Ermənilər düşünürdü ki, Uruqvay dövlətini aldadacaqlar” AÇIQLAMA

"Uruqvay xarici işlər naziri Luis Almagronun Dağlıq Qarabağın "müstəqilliyinin" tanınmasına çağırış etməsi barədə məlumatı Ermənistan mətbuatı yayıb. Guman olunur ki, bunu ermənilər Uruqvay xarici işlər nazirinin adından yazıblar". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz direktorunun sözlərinə görə, ola bilsin ki, Luis Almagron Uruqvaydakı erməni diasporunu öz keçirdiyi iclasa dəvət etsin. Bununla belə, o da mümkündür ki, nazir özü də həmin iclasda iştirak etsin: "Guman olunur ki, ermənilər orada səsləndirdikləri fikirləri Uruqvay xarici işlər nazirinin adından yazsınlar. Bu mənada hesab edirəm ki, sözügedən məsələ ciddi mənbəyə söykənmir və ermənilərin özləri tərəfindən ortalığa atılıb. Nəzərə almaq lazımdır ki, Uruqvay iki dəfə Dağlıq Qarabağı müstəqil tərəf, dövlət kimi tanımaqdan imtina edib. Hətta Ermənistan prezidenti Serj Sarkisyan məxsusi olaraq bundan ötrü Uruqvaya səfər etmişdi.

Ermənilər belə hesab edirdi ki, Uruqvay 1965-ci ildə erməni soyqırımını tanıyan ilk dövlətdir. Rəsmi İrəvan düşünürdü ki, Uruqvay kasıb dövlətdir və onu nəyləsə aldadacaqlar. Amma Uruqvay bundan imtina etdi. Hətta Ermənistan və Uruqvay prezidentlərinin birgə bəyannaməsinin 3-4 bəndində Dağlıq Qarabağa istinad var. Heç kimə sir deyil ki, həmin bəyannaməni ermənilər hazırlayıb və Dağlıq Qarabağın tanınması ilə bağlı maddəni də elə onların özləri salıblar. Amma son anda Uruqvay prezidentinin ətrafı DQ-nın "müstəqiliyi"nə dəlalət edən fikirləri prezidentlərin birgə bəyannaməsindən çıxardı".

Qeyd edək ki, Uruqvay Şərq Respublikasının vitse-prezidenti və Senatının sədri Danilo Astorinin bu yaxınlarda Ermənistanda səfərdə olarkən söylədiyi fikirləri də təhrif olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə