Müsavat funksioneri partiyada baş verənlərə AYDINLIQ GƏTİRDİ

Tural Abbaslı: “Yaxşı olardı ki, Qubad İbadoğlu fraksiyanın yaradılmasında iştirak edərdi”
Müsavat funksioneri partiyada baş verənlərə AYDINLIQ GƏTİRDİ

"Fraksiyanı yaratmaq istəyim partiyadaxili sağlam mühitin bərqarar olmasına hesablanmışdı. Bu baş tutmasa da fərdi şəkildə tərəfdarlarım və mən etirazımı qaldıra bilərəm". Bu fikirləri SİA-ya Müsavat Partiyasının funksioneri Tural Abbaslı mətbuatda onun fraksiya yarada bilməyəcəyi təqdirdə Qubad İbadoğlunun təsis etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatına keçə biləcəyi barədə gedən xəbərlərə münasibət bildirərkən deyib.

"Hələlik fəaliyyətimizi partiya daxilində davam etdirməyi düşünürük"

Tural Abbaslı bu informasiyaların yanlış olduğunu deyib. Bildirib ki, partiyadan kənarda yaradılacaq istənilən qurum təşkilatın inkişafına zərər vurur: "İnandırıcı deyil ki, Müsavat Partiyasından kənar yaradılan hər hansı bir hərəkat partiyanın inkişafına və yaxud da demokratiyanın bərpasına kömək edə bilər. Mənimlə yanaşı, tərəfdarlarımın həmin hərəkata üzv olmaq fikrimiz yoxdur. Müsavat partiyasının üzvüyük, hələlik fəaliyyətimizi partiya daxilində davam etdirməyi düşünürük".

Müsavatçı funksioner onu da qeyd edib ki, o, Qubad İbadoğlunun ADR hərəkatı vasitəsilə hər hansı uğur qazana biləcəyinə inanmır. Belə ki, həmin hərəkatın məqsədləri onun üçün aydın deyil. Tural Abbaslı Qubad İbadoğlunun hərəkat təsis etməkdənsə, onun fraksiyanın yaradılması istiqamətində dəstək verəcəyi halda daha böyük uğurlara imza ata biləcəklərini deyib: "Ümumiyyətlə, bu hərəkatın proseslərdə hansı rol oynayacağını, indiki məqamda bunun nəyə xidmət edəcəyini özüm üçün müəyyən etməmişəm. Bu onların qərarıdır amma bu yolla nəyəsə nail olacaqlarına inanmıram. Əgər Qubad İbadoğlu fraksiyanın yaradılmasına dəstək olsaydı, həm partiyada, həm də siyasi arenada daha çox faydalı rol oynaya bilərdi, nəinki hərəkat yaratmaqla".

"Əgər belə bir qayda olsa idi ki..."

Vurğun Əyyubun Müsavat Ali Məclsinin üzvlüyündən çıxarılması ilə bağlı Divanda qaldırılan məsələyə də münasibət bildirən Tural Abbaslı qeyd edib ki, hər bir siyasi partiyada özünəməxsus qəbul ediləcək qaydalar olmalıdır: "Kimliyindən asılı olmayaraq, bu qaydalara tabe əsas tutulmalıdır. Əgər belə bir qayda olsa idi ki, üç-dörd toplantıda iştirak etməyən şəxsin məsləsi müzakirə edilsin, o zaman bu təbii səslənə bilərdi".

"Toplantı zamanı Gülağa Aslanlının fikrinin harda olduğunu deyə bilmərəm"

Müsavatçı funksioner başqan müavini, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının Divan toplantısında Vurğun Əyyubla bağlı heç bir müzakirə aparılmadığı iddialarına gəlincə deyib ki, qarşı tərəf yalan danışır: "Toplantı zamanı Gülağa Aslanlının fikrinin harda olduğunu deyə bilmərəm amma partiyanın sonuncu Məclis toplantısında Vurğun Əyyubun adının Ali Məclisin siyahısından çıxarılması məsələsi qaldırıldı. "Siyahıdan çıxarılsın" anlayışının Nizamnamədə olmadığı üçün bunun yalnız bir anlamı qalır - Məcls üzvülüyündən çıxarılması".

"Çox təəssüf ki, bu məsələni də Arif Hacılı qaldırdı"

Tural Abbaslı sözügedən olayda da başqan Arif Hacılının təşəbbüsü olduğunu deyib. Abbaslı bildirib ki, bütün bunlar məhz qurultaydan sonra baş verən hadisələrin davamıdır: "Bu məsələni də çox təəssüf ki, başqan Arif Hacılı qaldırdı. Belə bir məqamda hazırkı rəhbərliyi qəbul etməyən bir müsavatçının məsələsinin qaldırılması partiya daxilində qarşıdurmaları daha da kəskinləşdirəcək. Ona görə də bunu uğursuz təklif kimi dəyərləndirirəm. Çünki məsələ məclisdə iştirakdan gedirsə, Vurğun bəy kimi bir çoxları iştirak etmirlər".

"Rəhbərlikdə təmsil olunanlar hələ də partiyadaxili mövqelərini möhkəmləndirmək uğrunda mübarizə aparırlar"

"Niyə məhz Vurğun bəyin adı hallanır" sualını edən Tural Abbaslı bildirib ki, əgər Gülağa Aslanlı ilə Vurğun Əyyuba eyni aspektdən qaydalar şamil olunarsa bu doğru addım hesab edilə bilər: "Yox, əgər başqan tərəfdarları bütün hallarda qorunacaqsa, əleydarları isə çıxdaş ediləcəksə onu heç bir halda qəbul edə bilmərik. İstər başqan olsun, istərsə də siravi üzv olsun belə qaydaları Müsavatda tədbiq edə bilməz. Bu qurultaydan sonra hələ də partiyada qrup savaşlarının olduğunun göstəricisidir. Rəhbərlikdə təmsil olunanlar hələ də partiyadaxili mövqelərini möhkəmləndirmək uğrunda mübarizə aparırlar. Hansı ki, bütün bunların yerinə partiyanın mövqeyini siyasi arenada möhkəmləndirməyə də vaxt sərf edə bilərdilər".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə