Milli Məclisin bu gün keçirilən plenar iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olub. SİA-nın məlumatına görə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qanun layihəsi barədə məlumat verərək bildirib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinin qəbul edilməsində əsas məqsəd uçot və qeydiyyatın təkmilləşdirilməsidir.
Komitə sədrinin sözlərinə görə, bəzi texniki və redaktə xarekterli dəyişikliklər də qanun layihəsində öz əksini tapıb: "Qanunun yeni redaksiyada verilən 2.0.5-ci maddəsinə görə, hərbi qeydiyyat - Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır. Yeni qanun hərbi qeydiyyata götürülməli olmayanlar, həmçinin dinc dövrdə və müharibə dövründə həqiqi hərbi xidmətə yarasız hesab edilənlər barədə müddəaları da özündə ehtiva edir. Qanuna əlavə edilən 28.6-cı maddəyə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə həqiqi hərbi xidmətə yarasız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir".
Millət vəkili Fəzail Ağamalı bildirib ki, Ermənistanın tutduğu mövqe dəyişmir və beynəlxalq qüvvələr Ermənistanı müdafiə edir: "Buna görə də biz ordu gücümüzü artırmağa maraqlı olmalıyıq. Müdafiə naziri Zakir Həsənovun atdığı addımlar onun kabinet naziri deyil, əsgərlər arasında olan hərbi nazir olduğunu göstərir. Hərbi quruculuq işləri ordumuzun daha operativ və çevikliyini artırmağa yönəlib.
Millət vəkili Fazil Mustafa isə deyib ki, hərbi rütbələrin verilməsinə görə müddətlər müəyyən olunsa da, hərbçilər həmin rütbələri ala bilmirlər: "Elə hərbçilər var ki, vaxtında hərbi rütbə ala bilmirlər. Buna maneə yaradan vəzifəli şəxslər məsuliyyətə cəlb olunmalıdır. Müəyyən olunan müddətdən sonra hərbçilər rütbə ala bilmirlərsə, bu vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadə etməsidir".
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, orduya savadlı adamlar da cəlb olunmalıdır: "Hərbi təhsil müəssəsilərinə savadlı adamlar qəbul olunmalıdır. Hərbi müəssisə konservatoriya deyil ki, ora girmək üçün tələb olunan balı aşağı salırlar. Hərbçi savadlı olmalıdır ki, hesablamaları da düzgün aparsın. Ona görə də hesab edirəm ki, ali təhsilli şəxslərin, magistrlərin orduya cəlb olunması üçün yanaşma dəyişməlidir. Ya müqavilə ilə hərbi xidmətə getsinlər, ya da başqa yollar axtarılsın".
Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov Fazil Mustafaya cavabında söyləyib ki, parlament rəhbərliyi Silahlı Qüvvələrin baş qərargah rəisi ilə hərbi rütbələrin verilməsi ilə bağlı yaranan problemləri müzakirə edib və problem rütbələrin verilməsinin icrası ilə bağlıdır.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB