MSK müraciətlərə baxdı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 23 dekabrda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş müraciətlərə baxılıb. SİA-nın xəbərinə görə, seçkilərlə bağlı MSK-ya daxil olan müraciətlər haqqında məlumat verən MSK sədri Məzahir Pənahov söyləyib ki, Seçki Məcəlləsinin tələbinə görə seçkilərlə bağlı müraciətlərə dərhal baxılmalıdır: "Əgər günün sonuna qədər hər hansı bir müraciət daxil olarsa, həmin müraciətlərə mütləq şəkildə baxılacaq".

Daha sonra çıxış edən MSK katibi Arifə Muxtarova deyib ki, MSK-ya müraciət edən 51 saylı Qusar Seçki Dairəsində Həzrə bələdiyyəsi üzrə bələdiyyə üzvlüyünə namizəd N. Əliyev bu seçki dairəsində 52, 53 və 54 saylı məntəqələr üzrə seçkinin nəticələrinin ləğv edilməsini xahiş edib.

MSK sədri Məzahir Pənahov buna cavab olaraq söyləyib ki, əgər bununla bağlı 51 saylı Qusar Dairə Seçki Komissiyasına (DSK) müraciət edilibsə, məsələyə MSK-da baxılmasına ehtiyac yoxdur. Bununla bağlı şikayətin DSK-ya göndərilib-göndərilmədiyini dəqiqləşdirmək üçün M. Pənahov MSK-nın təşkilat şöbəsinə tapşırıq verib.

MSK-nın iclasında 85 saylı Şamaxı Seçki Dairəsində Göylər bələdiyyəsi üzrə 20 saylı seçki məntəqəsində, 74 Lənkəran Kənd Seçki Dairəsində Lüvəsər bələdiyyəsi üzrə bəzi seçki məntəqələrdə, 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsində Kərimli bələdiyyəsi üzrə 21 və 22 saylı seçki məntəqələrində, 53 saylı Quba-Qusar Seçki Dairəsində yerləşən Vladimirovka yaşayın məntəqəsində yerləşən bələdiyyə üzrə seçki məntəqələrində seçkinin nəticələrinin ləğv edilməsi barədə bələdiyyə üzvlüyünə namizədlərin müraciətlərinin baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərarlar qəbul edilib.

82 Ağcabədi Seçki Dairəsində Şənlik kənd bələdiyyəsinə seçkilərlə bağlı məntəqələrdə nəticələrin ləğv edilməsi barədə bir qrup kənd sakininin müraciətinin də dairədəki Dairə Seçki Komissiyasına göndərilməsi qərara alınıb.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə