"İrəli" İctimai Birliyinin təsis edilməsindən 6 il ötür YENİLƏNİB

"İrəli" İctimai Birliyinin təsis edilməsindən 6 il ötür YENİLƏNİB

Bu gün Azərbaycanın ən böyük gənclər təşkilatlarından biri olan "İrəli" İctimai Birliyinin təsis edilməsindən 6 il ötür. SİA-nın məlumatına görə, bu münasibətlə Beynəlxalq Muğam Mərkəzində tədbir keçirilib. Açılış mərasimində Prezident Administrasiyasının nümayəndələri, millət vəkilləri, nazirlər, dövlət rəsmiləri və gənclər təşkilatlarının fəalları iştirak ediblər.

Tədbirdə "İrəli" İB-nin 6 aylıq hesabatı dinlənilib, yeni loqosunun və yeni korporativ üslubunun təqdimat mərasimi olub.

"İrəli" İB-nin sədri Mirhəsən Seyidov tədbirdə çıxış edərək deyib ki, "İrəli" təşkilat olaraq 8 il əvvəl- 2005-ci ildə Ümumrespublika Gənclər Hərəkatı kimi yaranıb: "Təşkilatın əsas məqsədi gənclərimizin maraqları çərçivəsində olan bütün sahələrdə fəaliyyət göstərmək və həmin gənclərin fərdi inkişaflarına töhfə verməkdən ibarətdir. Təşkilatın fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edib. Azərbaycanı beynəlxalq tədbirlərdə uğurla təmsil edən təşkilat ölkə daxilində də müxtəlif layihələr reallaşdırmaqla dövlət, özəl, biznes və media qurumları ilə yaxından əməkdaşlıq edir. "İrəli" İctimai Birliyi yarandığı dövrdən bu günə qədər Azərbaycanın inkişafı üçün həyata keçirilən islahatlarda aktiv iştirak edib. Birliyimiz hər zaman Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətinin arxasındadır".

Birliyin prioritet istiqamətləri haqqında məlumat verən M.Seyidov qeyd edib ki, təşkilatın əsas məqsədlərindən biri gənclərin birbaşa qərar qəbul etmə prosesində iştirakını təmin etməkdir: "Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin gənclərimiz tərəfindən qorunması kimi əsas priotetlərimiz də var. Bu istiqamətlər Azərbaycanda davamlı gənclər siyasətinin həyata keçirilməsində dəstək olmaq üçün qəbul olunub".

Yeni layihələr barədə danışan birlik sədri qeyd edib ki, hazırda gənc jurnalistlər üçün "Gənc Əkinçi" layihəsi hazırlanıb: "Bu layihə gənc jurnalistlərin inkişafı üçün nəzərdə tutulub".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycan gənclər hərəkatında daha yaşlı təşkilatlarımız da var: "Yəni, gənclər hərəkatının tarixi daha qədimdir. Amma 6 yaşı bir qədər gənc saymaq olar. Bu gənc təşkilat qısa müddətdə ölkədaxilində gənclər hərəkatının sayılıb-seçilən və cəmiyyətimizdə brend təşkilata çevrilib. Son aylar ərzində keçirilən layihələr də onu göstərir ki, təşkilatın tükənməz ideya və yaradıcılıq mənbəyi var".

"Harda olmağınızdan asılı olmayaraq irəlidə olmağınız vacibdir". Bunu isə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev diqqətə çatdırıb: "Azərbaycanda təqribən 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. İrəli" bu təşkilatlar içərisində özünəməxsus yer tutub. Mən indiyədək bu təşkilatın 3 müxtəlif düşərgəsində iştirak etmişəm. Ölkədə ən fəal gənclərimiz bu təşklatda olmağa həvəs göstərirlər. Ümid edirəm ki, onlar bu aktivliklərini bundan sonra da davam etdiriəcəklər".

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev isə vurğulayıb ki, bu gün biz varlığımızla, inkişafımızla və dövlətimizlə Azərbaycanda aparılan siyasətə, qoyulan məsələlərə borcluyuq: "Bu məqsədlə aparılan siyasət Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycanın qorunmasına, ölkəmizin bir dövlət kimi saxlanmasına, inkişaf etməsinə və dünya areansında öz sözünün deməsinin təməlini qoydu".

Tədbir maraqlı diskussiya şəklində davam etdirilib.

Xatırladaq ki, "İRƏLİ" İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə