Səxavət Əlisoy: “Müsavatla AXCP-nin birləşməsinə Arif Hacılı mane oldu” EKSKLÜZİV

Səxavət Əlisoy: “Müsavatla AXCP-nin birləşməsinə Arif Hacılı mane oldu” EKSKLÜZİV

"Bu fikirləri mətbuata ilk dəfə açıqlayıram.Yadınızdadırsa, bir zamanlar Müsavat Partiyası ilə AXCP arasında birləşmək təklifi müzakirə olunurdu. Lakin bu birləşmə baş tutmadı. İlk dəfə mən və Qara Tofiq (Tofiq Hüseynli-red) bunu ikilikdə müzakirə etmişdik. Ancaq buna mane olan tərəflər var idi." Sözügedən fikirləri sabiq Müsavat başqanı İsa Qəmbərin keçmiş müşaviri, eləcə də partiya başqanlığına keçmiş namizəd olmuş Səxavət Əlisoy SİA-ya eksklüziv açıqlamasında deyib.

O, qeyd edib ki, həmin vaxtlar digər müsavatçı funksioner Qara Tofiqlə ikilikdə bu ideyanı irəli sürmüşdülər və həmin ideya onlara məxsus olub: "Biz ilkin olaraq, ikilikdə bu ideya üzərində müzakirələr apardıq və sonradan bunu ictimailəşdirdik. Hətta sonradan məsələ partiya rəhbərlikləri səviyyəsinə çıxarıldığı zaman razılığa gəlinmişdi ki, AXCP ilə Müsavat birləşərsə, partiyanın adı Müsavat olaraq qalsın. Lakin bu ideya reallaşmamış qaldı. Çünki buna qarşı çıxanlar oldu və ilk qarşı çıxanlardan biri də məhz Arif Hacılı idi. Ancaq AXCP tərəfindən də partiyaların bir təşkilatda birləşməsini istəməyənlər oldu. Bu faktdır və bu faktı ilk dəfədir ki, açıqlayıram".

Səxavət Əlsoy onu da bildirib ki, bunu istəməyənlər gələcəkdə "birləşməli olacaq" partiyalarda ranqlarının aşağı düşəcəyindən ehtiyat edirdilər: "Onlar fikirləşirdilər ki, əgər təmsil olunduqları partiyada ikinci yerdədirlərsə, birləşmiş partiyada üçüncü, dördüncü, hətta daha aşağı yerə düşəcəklər. Məhz bu kimi ambisiyalar sonda Müsavatla AXCP-nin birləşməsinə mane olan faktorlardan biri oldu."

Sabiq müsavatçı Müsavatda baş verən son proseslərə bir daha nəzər salıb və bildirib ki, əslində, Arif Hacılının başqanlığa saxtakarlıq yolu ilə seçilməsi qabaqcadan hazırlanmış plan olub: "Bu gün Arif Hacılı özünü Müsavatın başqanı hesab edir. Ancaq təəssüf edirəm ki, mənim kimi bir çox müsavatçıları xəyal qırıqlığına uğradan sabir başqan İsa Qəmbərin də saxtakar başqanın seçilməsində rolu var. O, hələ qurultayda başqanlığa namizədləri təqdim edərkən, Arif Hacılını ayrıca şəkildə elə təqdim etdi ki, kənardan baxan elə birlərdi ki, Arif Hacılı ya Corc Vaşinqtondur, ya da digər tarixi lider, əvəzedilməz şəxsiyyətdir. Dəfələrlə demişəm, bu gün də öz sözümün üzərində dayanaraq bildirirəm ki, bu qurultay Müsavatın tarixində ən biabırçı, ən rüsvayçı qurultay oldu!"

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə