Sərdar Cəlaloğlu: “Haqlı olaraq Əli Kərimlini siyasi arenanın “primadonnası” adlandırmışam” MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “Haqlı olaraq Əli Kərimlini siyasi arenanın “primadonnası” adlandırmışam” MÜSAHİBƏ

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlunun SİA-ya müsahibəsini təqdim edirik:

- Sərdar bəy AXCP sədrinin müavini Nürəddin Məmmədli sizi Hafiz Hacıyevin savadlı variantı adlandırıb. Düşünmək olarmı ki, Nürəddin Məmmədli bu ifadələri ilə sizdən keçmişlə bağlı qisas alır?

- Nürəddin Məmmədlinin heç bir zaman şəxsi məqsədləri olmayıb. O ümumən son zamanlar təşkil olunan kampaniyalardan kənarda qalmamaq üçün bu cür ifadələr işlədir. Nürəddin Məmmədli ilə mənim aramda düşmənçilik yoxdur və əminəm ki, bu ifadələrlə o məndən qisas almaq niyyəti daşımır. Kənardan baxan zaman bəziləri düşünə bilər ki, Nürəddin Məmmədli bu sözləri Əli Kərimli ilə olan münasibətlərini daha da yaxşılaşdırmaq üçün söyləyir. Amma mən düşünürəm ki, bu çox yanlış bir düşüncədir. "Palaza bürün , ellə sürün" məsəlinə sadiq qalan Nürəddin Məmmədli də diqqətdən kənarda qalmamaq, fərqlənməmək üçün bu cür kompleksli addımlar atır.

- "Əli Kərimliyə bənzəməkdənsə, Rəqsanəyə bənzəmək daha yaxşıdır" ifadəniz AXCP-də daha çox qıcıq yaratdığını demək olar?

- Mən bu sözlərimlə demək istəmişəm ki, müxalifət son zamanlar bəyənmədiyi hər hansısa bir şəxsə müəyyən adlar və ləqəblər qoyur. Şou biznesdə İlhamə Quliyeva özünü "primadonna" adlandırır və bəzi müğənnilərə də müəyyən adlar qoyur. Əli Kərimli də siyasi arenada məhz bu funksiyanı yerinə yetirərək bəyənmədiyi siyasi partiyalara və rəqiblərinə qeyri –etik formada adlar qoyur. Məhz buna görə mən də haqlı olaraq Əli Kərimlini siyasi arenanın "primadonnası" adlandırmışam. "Azadlıq" qəzetinin əməkdaşları isə mənim haqqımda yazı dərc etdilər. Bu yazıdan sonra isə bildirdim ki, "məni Əli Kərimlinin səviyyəsinə endirməyən bu hökümətə təşəkkür edirəm". Çünki Əli Kərimlinin apardığı siyasətə nəzər saldıqda Rəqsanə cəmiyyətdə Əli Kərimlidən daha yaxşı bir rəy formalaşdırır.

- Ümumən mən müxalifət düşərgəsində bəzi partiya sədrlərinin yersiz hərəkətlərə əl ataraq müəyyən şəxslərə belə adlar qoymasının əleyhinəyəm. AXCP hər zaman ayrı-ayrı şəxslərə qarşı bu cür kampaniyalar həyata keçirib. İsa Qəmbər Müsavat partiyasının başqanı olarkən də bu məsələlərdən gileylənirdi ki, cəbhəçilər virtual aləmdə məni təhqir edirlər, alçaldırlar, əməkdaşlığa yaraşmayan ittihamlar səsləndirirlər. İsa Qəmbər partiya başqanlığından getdikdən sonra isə mən onların yeni hədəflərinə çevrildim. Ümumən virtual aləmdə təhqiramiz ifadələr səsləndirmək cəbhəçilərin bir taktikasıdır.

- "Azadlıq" qəzeti sizinlə bağlı hər gün demək olar ki, təhqiramiz yazılar dərc edir. Sizcə bu Əli Kərimlinin sifarişi ola bilərmi?

- Alman filosofu Volfqanq Göte -nin çox gözəl bir sözü var: "Əxlaq elə bir güzgüdür ki, hər kəs öz sifətini göstərir". O cür təhqiramiz ifadələr işlədən "Azadlıq" qəzeti və qəzetin sahibi əslində öz kimliyini ortaya qoyur. Əli Kərimlini məhkəməyə verməklə mən onun şəxsiyyətini dəyişdirə bilmərəm. Əli Kərimli bu cür formalaşıb və mənim atacağım hər hansısa bir addım Əli Kərimlinin şəxsiyyətinin formalaşmasına kömək edə bilməyəcək.

Eltun Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə