Abuzər İbrahim Türkman: “Heç kəsin Allahın evini dağıtmağa haqqı yoxdur”

Abuzər İbrahim Türkman: “Heç kəsin Allahın evini dağıtmağa haqqı yoxdur”

"İran dünyanın hər hansı bir yerində məscidlərin, islam mədəniyyəti abidələrinin məhv edilməsini etirazla qarşılayır". SİA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi Türkman bu gün keçirdiyi mətbuat konfransında deyib.

O vurğulayıb ki, heç kəsin Allahın evini dağıtmağa haqqı yoxdur: "Qarabağda, yaxud da dünyanın başqa bir yerində məscid dağıdılırsa, biz bunu qınayırıq".

İ. Türkman açıqlaması zamanı deyib ki, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovla görüşündə fars dili və ədəbiyyatı haqqında müştərək jurnalın nəşr olunması məsələsini müzakirə ediblər: "Müzakirələrimiz nəticəsində belə qərara gəldik ki, müştərək jurnal nəşr edək. Jurnalda İranın fars dili ədəbiyyatı müəllimləri və Bakı Dövlət Universitetinin fars dili müəllimlərinin məqalələri dərc olunacaq".

İ. Türkman vurğulayıb ki, Azərbaycan-İran əməkdaşlığının gələcəyi işıqlıdır: "Biz bu işıqlığa doğru getməliyik. Çalışmalıyıq ki, şeytanlar iki xalq arasında ayrılıq salmasın. Ortaq mədəniyyətimiz də bizə ata-babalarımızın zəhməti ilə gəlib çatıb. Biz bunu gücləndirib gələcək nəsillərə ötürməliyik. Azərbaycanlılar İran xalqının gözündə böyük millətdir. Biz iki qonşu ölkəyik. Allah heç kəsə yaman gün göstərməsin, biz yaman günlərin dostuyuq. Kiçik mənfəətlər naminə böyük faydalar qurban verilməməlidir".

O bildirib ki, İslami Əlaqələr və Mədəniyyət Təşkilatının 60 ölkədə 80 mədəniyyət mərkəzi fəaliyyət göstərir: "Həmin ölkələrin ən önəmlisi qonşumuz, qardaşımız Azərbaycandır. Biz bu əlaqəni daha da inkişaf etdirmək, tərcümə sahəsində, ədəbiyyat sahəsində əməkdaşlığımızı genişləndirmək istəyirik. Azərbaycan ədəbiyyatı zəngindir və bu sahədə də əməkdaşlıqda maraqlıyıq. 2015-ci ildə İranda Azərbaycan, 2016-cı ildə isə Azərbaycanda İran mədəniyyəti günləri keçiriləcək".

İ. Türkman ermənilərin lavaşı özünküləşdirmək cəhdlərinə də münasibət bildirib: "Bizim mətbəxlərimiz də birdir. Hər iki ölkənin yeməkləri bir-birinə çox yaxındır. Lavaş məsələsində Azərbaycanla həmfikirik. Lavaş İran, Azərbaycan və Türkiyənin müştərək mirasıdır".

İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri deyib ki, İranda bu yaxınlarda çəkilişi başlanan Məhəmməd peyğəmbər haqqında filmdə peyğəmbərin simasının göstəriləcəyi barədə yayılan xəbərlər yanlışdır: "Filmdə peyğəmbərin siması göstərilməyəcək. Bu məsələ ilə bağlı filmin rejissoru ilə də danışmışam. Bu, böyük filmdir. Bu iddianı ortaya atanlar filmi gözdən salmağa çalışırlar. Məhəmməd peyğəmbər haqqında film də Yusif peyğəmbər haqqındakı film kimi olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə