Sədaqət Vəliyeva: “YAP-ın Azərbaycanın rifahı və quruculuğu naminə fəaliyyət göstərməsi onun namizədlərinin qələbəsini şərtləndirmiş olur”
Qarşıdan gələn 23 dekabr bələdiyyə seçkilərilə əlaqədar olaraq Azərbaycanın bütün bölgələrində yüksək seçki əhval-ruhiyyəsi müşahidə olunmaqdadır. Xüsusilə də, Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarının həyata keçirdikləri təbliğat-təşviqat kampaniyası yüksək aktivlik və qələbəlik baxımından diqqət cəlb edir. SİA-nın məlumatına görə, yüksək fəallıq və möhtəşəmlik Bakı şəhərinin Nizami rayonunda da müşahidə olunmaqdadır. Belə ki, YAP tərəfindən namizədliyi irəli sürülmüş partiya üzvlərinin təşviqat materiallarının qanunla müəyyənləşdirilmiş yerlərdə yapışdırılması prosesindən sonra təbliğat görüşlərinə start verilib.
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq, ötən gün Nizami bələdiyyəsi üzrə 19 partiya namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı, səlahiyyətli nümayəndə Sədaqət Vəliyeva çıxış edərək namizədliyi irəli sürülən partiya üzvlərini seçicilərinin diqqətinə çatdırıb.
Sədaqət Vəliyeva qeyd edib ki, son 11 ildə YAP-nın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə tam ictimai-siyasi sabitlik yaradılıb, iqtisadiyyatın bütün sahələrinin inkişafı təmin edilib, regionların və Bakı şəhərinin rayon və qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində həm bölgələrin inkişafı təmin edilib, həm də əhalinin məşğulluq problemi həll edilib: "Bu inkişaf rayonumuzdan da yan keçməyib. Onlarla yeni məktəb, uşaq baxçası, səhiyyə və mədəniyyət obyektləri əsaslı təmir olunaraq sakinlərimizin istifadəsinə verilib. YAP-ın Azərbaycanın rifahı və quruculuğu naminə fəaliyyət göstərməsi onun namizədlərinin qələbəsini şərtləndirmiş olur".
Çıxış edən YAP-ın namizədi, Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev son 5 il ərzində görülən işlər barədə hesabat verib və perspektiv planlar, seçki platforması haqqında danışıb: "Seçiciləcəyimiz təqdirdə ötən 5 il ərzində olduğu kimi gələcək illərdə də seçicilərimizin etimadını doğrultmağa çalışacağıq".
Partiyanın namizədi, Nizami bələdiyyəsinin sədr müavini Bəylər Quliyev də son beş il ərzində Nizami bələdiyyəsinin səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Nizami bələdiyyəsi ötən müddətdə vətəndaşların arzu və istəklərini reallaşdırmaq üçün maksimum səy göstərib: "Düşünürəm ki, seçicilərimiz bizə yenidən etimad göstərərsə, biz də ötən illərdə olduğu kimi onların ümidlərini maksimum şəkildə doğrultmağa səy göstərəcəyik".
YAP tərəfindən namizədliyi irəli sürülən Ayan Yusifova isə Nizami bələdiyyəsinin son 5 il ərzində rayonun sosial həyatında oynadığı roldan bəhs edib: "Ötən müddət ərzində çalışmışıq ki, sakinlərimizin müraciətləri cavabsız qalmasın, onların sosial tələbləri qarşılansın".
Namizədlərin çıxışından sonra seçicilər də öz fikirlərini çatdırıblar.
Çıxış edən hacı Əliağa Əhmədov 23 dekabr bələdiyyə seçkilərini səbirsizliklə gözləyirik. Hər bir kəs bu prosesdə fəal iştirak etməli, cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının dəstəkləməlidir. Azərbaycanın son illərdə bütün sahələrdə qazandığı uğurlar hər birimizin gözü önündədir. Bunları sadalamağa ehtiyac yoxdur. Ona görə də mən Nizami rayon sakinlərini YAP-ın bələdiyyəyə namizədlərinə səs verməyə çağırıram.
Ağsaqqal Kamil Şükürov isə bildirib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin Sədri olduğu partiyanın namizədlərinin qarşıdan gələn seçkilərdə də qalib gələcəyinə inanıram. Bunu rayonumuzda və ümumiyyətlə, respublikada görülən işlər təsdiq edir. Bu gün Azərbaycanın siyasi arenasında Prezident İlham Əliyevə və Sədri olduğu YAP-a alternativ ola biləcək qüvvə yoxdur. Ona görə də Yeni Azərbaycan Partiyası bizim yeganə seçimimizdir.
Beləliklə, Nizami bələdiyyəsinə YAP-ın namizədlərinin seçicilərlə görüşü yüksək əhval-ruhiyyə şəraitində baş tutub.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB