Elman Nəsirli: “Həmsədrlər ümidlərini prezidentlər səviyyəsində görüşə bağlayır” AÇIQLAMA

Elman Nəsirli: “Həmsədrlər ümidlərini prezidentlər səviyyəsində görüşə bağlayır” AÇIQLAMA

"ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin əsas nəticəsi ondan ibarətdir ki, onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müharibəyə çevrilməsinin qarşısını ala biliblər və bununla da çox zaman öyünürlər". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli cəbhədə baş verən son hadisələrdən sonra Azərbaycan və Ermənistan prezidentlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı prinsipial görüşünün keçirilməsinə dair səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, həm iyul ayının sonu, avqust ayının əvvəllərində təmas xətində baş verən məlum hadisələr, həm də Ermənistanın helikopter avantürası bir daha onu göstərdi ki, həmsədrlər erkən yəni, vaxtından əvvəl və tələsik öyünməyə başlayıblar. Əslində istənilən vaxt Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hərbi əməliyyatlar yenidən başlaya bilər. Bu mənada hesab edirəm ki, həmsədrlər hər zaman çalışırlar ki, həm xarici işlər nazirləri, həm də prezidentlər səviyyəsində görüşün keçirilməsinə nail olsunlar. Prezidentlərin Paris danışıqlarından sonra növbəti görüşün gələn ilin sentyabr ayında Nyu-Yorkda BMT Baş Məclisinin növbəti sessiyasında olacağı haqqında ilkin razılaşma var. Hərhalda hesab edirəm ki, hadisələrin gərginləşmə dinamikası onu göstərir ki, həmsədrlər regiona yenidən bir sıra səfərlər edib və prezidentlər səviyyəsində görüşün keçirilməsinə nail olacaqlar".

E. Nəsirli bildirib ki, bu ilin dekabr ayının əvvəlində Bazeldə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə predmeti olacaq: "Amma inanmıram ki, bu müzakirələrdə nə isə uğurlu nəticə hasil olsun. Əsasən ATƏT-in Minsk qrupu bütün ümidlərini daha çox prezidentlər səviyyəsində görüşə bağlayır. Bu ilin avqust ayının sonunda Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi danışıqları baş tutdu və o zaman Putin bəyan etmişdi ki, o, payızda prezidentlər səviyyəsində görüşə nail olmağa çalışacaq. Hesab edirəm ki, o, bu sözündən hələlik imtina etməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə