Vitse-spiker: “Bəzən sülhə məcbur etmək üçün hərbə əl atmaq lazım gəlir”

Vitse-spiker: “Bəzən sülhə məcbur etmək üçün hərbə əl atmaq lazım gəlir”

"Bəzən sülhə məcbur etmək üçün hərbə əl atmaq lazım gəlir. Bunu dünya təcrübəsi açıq-aşkar göstərir. Biz çox istərdik ki, beynəlxalq ictimaiyyət, vasitəçilər erməniləri sülhə sülhlə məcbur etsinlər. Yəni, bu məcburetməni işə sala bilsinlər. Çünki, biz heç istəməzdik ki, münaqişənin həlli üçün hərbi yola əl atılsın". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Vitse-spiker vurğulayıb ki, danışıqlar xatirinə danışıqlar keçiriləcəksə, Ermənistan öz qeyri-konstruktiv mövqeyində qalacaqsa, Azərbaycan lazımı addımı atacaq: "Bu məsələdə beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycanı öz ərazilərində qayda-qanun yaratmaağa heç kim məhdudiyyət qoya bilməz".

B. Muradova deyib ki, Azərbaycan hava məkanımızı pozan erməni hərbi helikopterini vurmaqla dünya ictimaiyyətinin diqqətini bu münaqişənin həllinə yönəltdi: "Bəzi hallarda ermənilərin hərəkətləri bütün əndazəni aşır. Erməni helikopterinin hava məkanımızı pozması da həmin əndazənin aşıldığı hərəkətlərdən bir idi. Ona görə də Azərbaycan tərəfi haqlı olaraq bu hadisəni dünya ictimaiyyətinin diqqətinə yönəltdi. İlk növbədə onunla ki, adekvat cavab verdi. Bu, həm Ermənistandakı müəyyən dairələri, həm də onlara dəstək verən beynəlxalq dairələri hərəkətə gətirib. Onlar Azərbaycanın qətiyyətli hərəkətini gördülər. Ermənistan da artıq hiss etdi ki, Azərbaycanın işğal altında olan ərazilərində hərbi təlimlər keçirilməsinə, sərbəst hərəkətə və hər cür təxribata dözmək fikri yoxdur və anındaca adekvat cavab verəcək. Biz hər bir təxribatın qarşısını almalıyıq. Bu, ordumuzun vəzifəsidir ki, ölkəmizin, insanlarımızın təhlükəsizliyini təmin etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə