Prezident: "Tətbiq etdiyimiz xidmət modeli digər ölkələr üçün də nümunə ola bilər"
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) ali qurumu - üzv dövlətlərin Assambleyasının üçüncü sessiyasının iştirakçılarına təbrik məktubu ünvanlayıb. SİA-nın xəbərinə görə, məktubu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, 1-ci dərəcəli dövlət müşaviri Fuad Ələsgərov oxuyub.
Dövlət başçısı məktubda bildirib: "Hörmətli Assambleya iştirakçıları! Sizi Bakı şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının Assambleyasının açılışı münasibətilə təbrik edir, səmimi qəlbdən salamlayıram. Ölkəmizdə şəffaf ictimai münasibətlər sistemi formalaşdırılmış, demokratik institutların fəaliyyəti təmin edilmişdir. Fəaliyyətimiz beynəlxalq təşkilatlar və nüfuzlu reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Bu, həm də dövlət idarəçiliyinin yenilənməsi və korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün mövcud qətiyyət və möhkəm siyasi iradə ilə bağlıdır. Azərbaycan Respublikası Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə də korrupsiyaya qarşı mübarizəni prioritet elan etmiş və beynəlxalq səviyyədə bu problemlə ciddi məşğul olmaq əzmini göstərmişdir. Ölkəmiz bu sahədə bütün beynəlxalq təşəbbüslərin aktiv iştirakçısıdır. Azərbaycan BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasına ilk qoşulan dövlətlərdən biridir. Şəffaflıq, açıq hökumət prinsipləri, elektron hökumət, innovativ yanaşma dövlət siyasətimizin prioritet istiqamətlərindəndir. Dövlət xidmətlərinin göstərilməsində tətbiq etdiyimiz korrupsiyanı tam istisna edən xidmət modeli digər ölkələr üçün də nümunə ola bilər.
Korrupsiyaya qarşı mübarizənin səmərəli olması üçün təhsil və təlim daim diqqətdə saxlanılmalı, yaxşı təcrübələr mütəmadi mübadilə edilməlidir. Beynəlxalq Antikorrupsiya Akademiyası bu sahədə aktiv töhfə verən yeni beynəlxalq təşkilatdır. Bu fəaliyyət üzv dövlətlər tərəfindən dəstəklənməlidir. Əminəm ki, Assambleya bu sahədə yeni təşəbbüslərin və əməkdaşlıq əlaqələrinin möhkənlənməsi üçün yeni imkanlar açacaqdır. Sizi bir daha təbrik edir, Assambleyanın işinə uğurlar arzulayıram!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB