Mütəllim Rəhimli: “Səxavət Əlisoy və Əlövsət Talışxanlının birləşməsi ehtimalı yüksəkdir” AÇIQLAMA
"Ümumiyyətlə düşünürəm ki, "Milli Şura"nın mitinqi həvəs xatirinə keçirilməməlidir". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli "Milli Şura"nın növbəti dəfə planlaşdırdığı mitinqə münasibət bildirərkən deyib.
Partiya funksionerinin sözlərinə görə, indiki zamanda regionda baş verən mühüm hadisələr fonunda kütləvi aksiyalar düşünülmüş şəkildə və cəmiyyəti narahat edən problemləri göstərməklə təşkil olunmalıdır. Əks halda onlar Azərbaycanda qarmaqarışıqlıq salan hansısa qüvvələrə stimul vermiş olurlar. Bu mənada güman edirəm ki, mitinqləri təşkil edərkən "Milli Şura" tək problemləri deyil, onun həllinə yoluna da çalışmalıdır. Düşünürəm ki, mənasız aksiyaların təşkili siyasi xal qazanmaqdan başqa bir şey deyil".
M. Rəhimli Müsavat başqanlığına sabiq namizəd Səxavət Əlisoyun və Əlövsət Talışxanlının Müsavat Partiyasının Divanına getməyəcəkləri barədə fikirlərinə də münasibət bildirərək deyib ki, Müsavat Partiyası indiyədək apardığı siyasətin bəhrəsini dadmaqdadır. Çünki bu günə qədər Müsavat Partiyası ayrı-ayrı siyasi qrupların daxilində pozuculuq işləri aparırdı, konfiliktlər yaradırdı və bununla da özünün böyük partiya obrazını canlandırırdı. Bu mənada hesab edirəm ki, Səxavət Əlisoy və Əlövsət Talışxanlının birləşməsi ehtimalı yüksəkdir".
Xatırladaq ki, noyabrın 11-də Müsavat Partiyasının Divanı partiya daxilindəki vəziyyətlə bağlı bəyanat qəbul edib. Qərara alınıb ki, Divanın növbəti toplantısında Müsavat Partiyasının ümumi ideoloji-siyasi xəttinə zidd, partiyanın VIII Qurultayının qərarlarını şübhə altına alan fəaliyyətə dair müzakirələr keçirilsin. Bununla əlaqədar partiya üzvləri Səxavət Əlisoy və Əlövsət Talışxanlı Müsavat Partiyası Divanının 17.11.2014-cü il tarixli növbəti iclasına dəvət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB