Bələdiyyə seçkilərində gənclərin fəal iştirakı ilə bağlı təlim keçirilib

Bələdiyyə seçkilərində gənclərin fəal iştirakı ilə bağlı təlim keçirilib

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TÜMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Bələdiyyə seçkiləri və gənclər arasında seçki fəallığı" adlı layihə çərçivəsində oktyabrın 30-da Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının qərargahında təlim keçirilib.

Təlimdə TÜMİB-in sədri Çingiz Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti haqqında danışıb. Bildirilib ki, ölkəmizin hər yerində olduğu kimi, Binəqədi rayonunda da aparılan geniş quruculuq işlərində gənclər fəallıq göstərir, inkişaf və tərəqqinin önündə gedirlər. O, layihə haqqında məlumat verərək deyib ki, məqsəd bu ilin dekabrında Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində gənclərin daha çox iştirakı ilə bağlı maarifləndirilməsi və onların seçki fəallığının artırılmasıdır. Həmçinin bələdiyyələrlə gənclər arasında ictimai əhəmiyyətli problemlərin həllinə yönələn daha intensiv əməkdaşlıq formasının yaradılmasına kömək göstərməkdir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Fərid Qəhrəmanov və başqaları vətəndaş cəmiyyətləri tərəfindən bu cür layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Təlimdə gənclərlə bağlı qaldırılan məsələlərin reallaşması işinə məhz gənclərin özlərinin cəlb edilmələrinin təqdirəlayiq olduğu bildirilib, bunun onların ictimai-siyasi fəallığının daha da artmasına müsbət təsir göstərəcəyi diqqətə çatdırılıb.

Çıxış edənlər gənclərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə