Arzu Nağıyev: “Bu vəziyyətdə müxalifətin seçkilərə qatılması qeyri-mümkündür”

Arzu Nağıyev: “Bu vəziyyətdə müxalifətin seçkilərə qatılması qeyri-mümkündür”

"Bütün qlobal məsələlər bir kənara qalıb, Azərbaycan müxalifəti öz aralarında "ana müxalifət" davası aparır. Belə bir vəziyyətdə onların bələdiyyə seçkilərində nəinki uğur əldə etməsi, iştirakı qeyri-mümkündür". Bunu SİA-ya "Trend" Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev bələdiyyə seçkiləri öncəsi müxalifət partiyaları daxilindəki vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, hər zaman olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkiləri öncəsi partiyalar arasında gərgin mübarizə gedir: "Müsavat Partiyasının keçirdiyi qurultayda Arif Hacılının başqan seçilməsi bu partiya daxilindəki vəziyyəti gərginləşdirib. Eyni zamanda partiyanın rayon təşkilatlarında kütləvi istefalar baş verdi. Məğlub olan başqanlığa namizədlərin verdiyi açıqlamalardan bəlli olur ki, onlar arasında müəyyən mübarizə gedir və bu uçurum dərinləşməkdədir. Belə bir şəraitdə onların bələdiyyə seçkilərində iştirakı qeyri-mümkündür. Seçicilər də görür ki, onlar hələ öz aralarındakı məsələləri həll edə bilmirlər. Eyni zamanda qeyd olunan qarşıdurmalar AXCP daxilində də baş alıb gedir. Bu yaxınlarda 52 nəfər partiyadan istefa verib. Nidaçıların müxalif "lider"lərlə görüşməməsi də başqa bir siqnaldır".

A. Nağıyev vurğulayıb ki, müxalifətdaxili qarşıdurma bələdiyyə seçkilərini onlar üçün kölgədə qoyub: "Məlumdur ki, istənilən seçkidə və ya mübarizədə qalib və məğlub tərəflər olur. Əgər bu rəqabət yoxdursa heç kim özünü rəqib hesab edə bilməz və sonradan hansısa qanunsuzluqdan danışmağa ixtiyarı da çatmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə