Elman Məmmədov: “Ermənilərin Azərbaycanın tarixi torpaqlarında yerləşdirilməsinin təşəbbüskarı Rusiyadır” AÇIQLAMA

Elman Məmmədov: “Ermənilərin Azərbaycanın tarixi torpaqlarında yerləşdirilməsinin təşəbbüskarı Rusiyadır” AÇIQLAMA

"Azərbaycan və Fransa prezidentlərinin Parisdə baş tutan görüşünün nəticələrini söyləmək bir qədər tezdir. Amma onu demək olar ki, bu cür görüşlərin keçirilməsinin əhəmiyyəti böyükdür və bunlar davamlı olmalıdır. Cənab Prezident İlham Əliyev də vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır. Buna görə də Paris görüşünün bu məsələnin həllində müəyyən təsiri olacağını düşünürəm". Bu fikirləri SƏS TV-yə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti bir məsələdə əmindir ki, Prezident İlham Əliyev bütün görüşlərində Azərbaycan torpaqlarının ərazi bütövlüyünün təmin olması ideyasını həmişə öndə tutub: "Azərbaycanın 20% torpaqları ermənilər tərəfindən işğal olunub, 1 milyon çox qaçqın və köçkün vətəndaşları var. Bütün görüşlərdə də bu məsələlər qabardılır. Bu proses 20 ildən artıq müddətdir davam edir, lakin hələ də konkret nəticələr əldə olunmayıb. Biz "Yol xəritəsi", "böyük sülh sazişi" kimi gurultulu fikirləri illərdir ki eşidirik. Bu fikirlər görüşləri təşkil edənlərin, təşəbbüskarların vaxtaşırı verdiyi bəyanatlardır. Amma gəlin baxaq görək, 20 ildən artıq davam edən bu görüşlərin hansının müsbət nəticəsini görmüşük. Azərbaycanın da bir vaxt səbri tükənə bilər və bu sonsuz davam edən görüşlərə son qoyub torpaqlarını işğaldan azad etmək üçün başqa real variantlara əl ata bilər. Parisdə keçirilən görüş Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə təşkil olundu. Biz bu görüşü müsbət qiymətləndiririk və istəyirik ki, Paris görüşünün münaqişənin həll olunmasında müəyyən qədər təsiri olsun".

Millət vəkili uzun illədir davam edən danışıqlarda müsbət nəticələrin əldə olunmaması məsələsinə toxunaraq bildirib ki, bu gün Ermənistanı idarə edən kütləvi qırğınların törədilməsində, Azərbaycan vətəndaşlarının qətlə yetirilməsində birbaşa iştirakı olan hərbi canilərdən ədalətli mövqe gözləmək mümkün deyil: "Ermənilər heç vaxt işğal etdikləri ərazilərin xoşluqla geri qaytarılmasına razı olmazlar. Hər cəhdlə danışıqlara mane olurlar. Bu məsələdə həmsədrlərin də fəaliyyətini və eyni zamanda fəaliyyətsizliyini vurğulamaq lazımdır. Bu üç həmsədr dövlət arasında yeganə Rusiyadır ki, məsələni həll etməyə qadirdir. Çünki ermənilərin müxtəlif yerlərindən köçürülüb Azərbaycanın tarixi torpaqlarında yerləşdirilməsinin təşəbbüskarı Çar Rusiyası, onun varisi Sovet hökuməti, sonra da indiki Rusiya Federasiyası olub. Rusiya birbaşa ermənilərin havadarıdır və Ermənistan istər siyasi-iqtisadi, istərsə də hərbi cəhətdən Rusiyadan asılıdır. Münaqişənin həllində Amerika, Fransa nə qədər canfəşanlıq etsə də həlledici söz Rusiyaya məxsusdur".

Bütün xəbərlər Facebook səhifəmizdə