Mustafa Hacıbəyli: “Səxavət Əlisoyun ittihamlarının məğzini başa düşmürəm”

Mustafa Hacıbəyli: “Səxavət Əlisoyun ittihamlarının məğzini başa düşmürəm”

"Müsavat Partiyasında uzun müddət Nəzarət Təftiş Komissiyası fəaliyyət göstərməyib. Bunun da ən başlıca səbəbi qurultayın gecikməsi oldu". Bu fikirləri SİA-ya Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli yeni seçilmiş başqan müavinlərinə qarşı narazı qrupların etirazlarına münasibət bildirərkən deyib. Məclis üzvü onu da xatırladıb ki, yeni seçilmiş başqan müavinlərinin hər biri partiyada müəyyən nüfuza malik olan şəxslərdir.

Onun sözlərinə görə, qurultaydan sonra partiyada seçilən nəzarət təftiş komissiyası bir qrup insanı ciddi narahat edib: "Gülağa Aslanlı, Səxavət Soltanlı, Sabir Məmmədli, Almaz Əliqızı, Nüşabə Sadıxlı, Elman Fəttah və digərləri partiyada başqan müavinləri kimi fəaliyyət göstərəcəklər. Bir qrup insan bundan ciddi narahatdır. Hikmət Hacızadə də öz fikirlərini billdirib və rəhbərlik bütün şikayətləri nəzərə alır. Hesab edirəm ki, bütün dəyişikliklər Müsavat Partiyasının fəaliyyətinə müsbət təsir göstərəcək. Partiyanın Nizamnaməsinə uyğun olaraq müavinlər başqan təyin edir, Məclis onları təsdiq edir. Müavin olan şəxslərin bir qismi əvvəlcədən partiyanın rəhbərliyində təmsil olunublar. Hansısa qərarlar kimlərinsə narazılığına səbəb olursa, bu normal haldır. Bütün iradlara diqqətlə yanaşılmalıdır. Bunu tənqidə dözümsüzlük kimi dəyərləndirmək doğru deyil".

Mustafa Hacıbəyli başqanlığa namizəd olmuş Səxavət Əlisoyun partiyanın yenə də eks-başqan İsa Qəmbər tərəfindən diktə ilə idarə edilməsi iddiasına da münasibətini açıqlayıb. Məclis üzvü İsa Qəmbərin partiyada avtoritet olduğunu deyib: "Tək Müsavat Partiyası üçün deyil, bütövlükdə müxalifət düşərgəsi üçün avtoritet hesab olunan İsa Qəmbərin rəyləri nəzərə alınır. İsa Qəmbər başqan olan dövrdə də hər zaman öz qərarlarını divan üzvləri, silahdaşları ilə məsləhətləşərək elan edirdi. Hazırda həmin ənənə davam edir. Rəhbərlik qərarları müzakirə etdikdən sonra həyata keçirir. Səxavət Əlisoyun ittihamlarının məğzini ümumiyyətlə başa düşə bilmirəm. İsa Qəmbər kiməsə tövsiyyə verirsə, burda Nizamnaməyə zidd heç nə görmürəm".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə