Səttar Mehbalıyev: "Qlobal problemlərin həllində birgə səy göstəririk"
Bu gün Bakıda Ümumhəmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, iclas iştirakçıları əvvəlcə Fəxri Xiyabana gedib, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələrini yad edərək, məzarları üzərinə tər qərənfillər düzüblər.
Sonra qonaqlar İcraiyyə Komitəsinin növbəti iclasına toplaşıblar.
Tədbirdə çıxış edən ÜHİK-in sədri Mixail Şmakov bildirib ki, MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzi və 30 beynəlxalq həmkarlar ittifaqı birliyi ÜHİK ətrafında birləşib. Onun sözlərinə görə, AHİK 2001-ci ildən bu təşkilatın üzvüdür və hazırda ÜHİK-in bütün rəhbər orqanlarında təmsil olunur.
M. Şmakov deyib ki, Azərbaycan dövlətinin inkişafı həmkarlar ittifaqı təşkilatlarının da inkişafına təkan verir. İqtisadi inkişaf sürətinə görə Azərbaycan MDB-də liderdir. O qeyd edib ki, tədbirdə ümumi təcrübə mübadiləsi aparılacaq, həmkarlar ittifaqlarının inkişaf perspektivləri müzakirə olunacaq.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev isə çıxışında diqqətə çatdırıb ki, ölkədəki inkişaf özünü həmkarlar ittifaqı təşkilatlarının formalaşmasında da göstərir. Həmkarlar ittifaqlarının birliyinin möhkəmlənməsində və inkişafında ÜHİK-in rolunu yüksək qiymətləndirən S. Mehbalıyev deyib ki, AHİK-lə ÜHİK, eləcə də təşkilata üzv olan digər birliklər arasında əlaqələr çox yüksək səviyyədədir: "Qlobal problemlərin həllində birgə səy göstəririk. Faydalı qarşılıqlı təcrübə, fikir mübadiləsi aparırıq və bunun çox böyük səmərəsi olur. AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, 2001-ci ildən isə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Üzv olduğumuz təşkilatların maraqlarına uyğun olaraq Beynəlxalq Əmək Təşkilatı ilə əlaqələrimizi möhkəmləndiririk, onun layiqli əmək, əməyin və ətraf mühitin mühafizəsi uğrunda keçirdiyi daimi aksiyalarda iştirak edirik. Azərbaycan Həmkarlar İttifaqları vətəndaş cəmiyyətinin fəal üzvü olmaqla ölkə həyatının bütün həlledici istiqamətlərinin formalaşmasında iştirak edir. Bu gün AHİK öz sıralarında 1 milyon 600 mindən artıq həmkarlar ittifaqı üzvünü, 27 sahə həmkarlar ittifaqı mərkəzini, 504 şəhər və rayon komitəsini, 68 birləşmiş həmkarlar ittifaqını, 10730 ilk təşkilatı birləşdirir: "Konfederasiyanın tərkibində 3 həmkarlar ittifaqı Federasiyası, Naxçıvan Vilayət Həmkarlar İttifaqı Şurası fəaliyyət göstərir. Ümid edirəm ki, İcraiyyə Komitəsinin iclasının Bakıda keçirilməsi əlaqələrimizin daha da genişlənməsində və möhkəmlənməsində, eləcə də müştərək problemlərimizin həllində mühüm rol oynayacaq".
Qeyd edək ki, sonra iclas iştirakçıları gündəlikdə duran məsələləri müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB