“Bu əfv fərmanı prezidentin vətəndaş cəmiyyəti nümayəndələrinə verdiyi önəm idi” AÇIQLAMA
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə əfv fərmanı imzalayıb. Bu, hər şeydən əvvəl ölkə başçısının hümanizminin nümunəsi və eyni zamanda vətəndaşlarına verdiyi dəyərin nümunəsidir". Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, əgər dövlət vətəndaşı qanuna tabe edirsə, buna uyğun fəaliyyət göstərirsə, deməli hər zaman da onu müdafiə edir və qoruyur: "Eyni zamanda kimsə qanunsuz əməl törədibsə o, mütləq şəkildə cəzalandırılır. Bununla belə, həmin şəxsin cəzalandırılması ilə yanaşı, dövlətimiz tərəfindən ona qucaq açılır və hümanizm nümayiş etdirilir. İndiyədək dövlət başçısı tərəfindən ölkəmizdə 57 əfv fərmanı imzalanıb. Bu 57 əfv fərmanından da 6 minə qədər məhkum azadlığa çıxaraq öz ailələrinə qovuşub. Hesab edirəm ki, bu, bir daha onun göstəricisidir ki, Azərbaycan Respublikasının Prezidenti hamının Prezidentidir və onun üçün əsas məsələ vətəndaşı qorumaq, qayğısına qalmaqdır.
Bu əfv fərmanında maraqlı məqamlardan biri odur ki, bu fərman digər ənənəvi fərmanlardan fərqli olaraq insan hüquq müdafiə təşkilatlarının da müraciətləri nəzərə alınmaqla qəbul edilib. Bu, dövlət başçısı tərəfindən vətəndaş cəmiyyəti nümayəndələrinə verilən önəmdir. Hesab edirəm ki, bu həm də hazırkı şəraitdə vətəndaş cəmiyyəti ilə bağlı bəzilərinin narazılığının aradan qaldırılmasına nümunədir. Çünki Prezident hər zaman vətəndaş cəmiyyətinin geniş və hərtərəfli fəaliyyəti üçün bir çox qərarlar və sərəncamlar qəbul edib".
Qeyd edək ki, oktyabrın 17-də dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq əfv sərəncamı imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB