Elman Nəsirov: “Bu məsələdə beynəlxalq hüquq prinsiplərinin pozulması yolverilməzdir”
"Prinsip etibarı ilə Gömrük İttifaqı və Avrasiya İttifaqına daxil olmaq Ermənistanın seçimidir. Lakin bu məsələdə beynəlxalq hüquq prinsiplərinin pozulması yolverilməz və qəbul edilməzdir". Bunu SİA-ya YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, Siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib.
Politoloq qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin müəllifi olduğu Gömrük İttifaqı və Avrasiya İttifaqı layihələrinə ilk növbədə özünün ən yaxın müttəfiqlərini cəlb edir: "Məsələyə bu baxımdan yanaşdıqda Ermənistan prezidenti Serj Sarkisyan hələ ötən ilin sentyabrın 3-də Moskvada səfərdə olarkən Vladimir Putinə bildirdi ki, Ermənistan Gömrük İttifaqına daxil olmağa hazırdır. Bunun ardınca isə müəyyən vaxtlar müəyyən edildi. Hətta iyunun 15-ə qədər Ermənistanın bu quruma daxil olacağı ilə bağlı fikirlər səsləndi. Sonra iyulun 1-də bunun baş verəcəyi bildirildi. Ancaq bu da baş vermədi. Mayın 29-da Astanada Rusiya, Belarus, Qazaxıstan prezidentləri Avrasiya İqtisadi İttifaqını təsis etdilər. Həmin tədbirdə Serj Sarkisyan iştirak etsə belə, bu gözlənti baş vermədi. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevin ona ünvanladığı məktubu əsas gətirərək bildirdi ki, Ermənistanın Gömrük İttifaqı və Avrasiya İttifaqına daxil olması yalnız onun beynəlxalq birlik içərisində tanınan sərhədləri çərçivəsində baş verə bilər. MDB dövlət başçılarının Minskdə keçirilən toplantısında aparılan danışıqlardan məlum oldu ki, Ermənistanın bu quruma daxil olmasında heç bir maneə yoxdur".
"Ermənistanın Gömrük İttifaqı və Avrasiya İttifaqına daxil olmasının konkretləşməsi bu ölkənin müxalifəti tərəfindən həyəcanla qarşılanır. Onlar hesab edir ki, Sarkisyanın yeritdiyi siyasət nəticə etibarı ilə Ermənistanın bütün suverenliyinin və müstəqilliyinin itirilməsinə gətirib çıxarır və Gömrük İttifaqına daxil olmaq Ermənistanın bu prosesinin yekunlaşmasını daha da sürətləndirəcək. Bu fikirlər Böyük Britaniyanın nüfuzlu beyin mərkəzinin gəldiyi nəticə ilə üst-üstə düşür. Mərkəz bildirir ki, Ermənistan üçün bir nömrəli problem Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yox, ölkənin müstəqilliyinin, suverenliyinin əldən getməsidir və bu problem həll edilməlidir. Eyni məntiqlə çıxış edən erməni müxalifəti vurğulayır ki, Ermənistanın müstəqilliyi və suverenliyi əldən getməkdədir və son hadisələr prosesin yekunlaşmasını şərtləndirəcək. Müxalifət bildirir ki, Ermənistan iqtisadiyyatı zəifdir və təşkilat çərçivəsində hansı inkişafdan söhbət gedə bilər ki, Rusiya ilə ortaq sərhəd yoxdur. Bütün bu reallıqları nəzərə alaraq hesab edirlər ki, Sarkisyanın belə bir addım atması ilk növbədə korrupsiyalaşmış hakimiyyətinin mənafeyinə xidmət göstərir", E.Nəsirov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB