Vüqar Rəhimzadə: “İnformasiya təhlükəsizliyinə məsuliyyətlə yanaşmaq hər bir vətəndaşın borcudur” Açıqlama

YAP Siyasi Şurasının üzvü hesab edir ki, birgə səylərin göstərilməsi, vahid mövqenin ortaya qoyulması hər bir məsələnin həllində mütləqdir.
Vüqar Rəhimzadə: “İnformasiya təhlükəsizliyinə məsuliyyətlə yanaşmaq hər bir vətəndaşın borcudur” Açıqlama

"Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncamda əksini tapan fikirlər informasiya təhlükəsizliyinin qorunmasının günümüzün aktual məsələsi olmasına işıq salmaqla yanaşı, yazılı və elektron KİV-lərin vəzifələrini açıqlayır". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilən müşavirədə müdafiə sisteminin təşkili, sərhəd bölgələrində yerləşdirilən hərbi hissələrin hazırlığı, ərazilərin coğrafiyası ilə bağlı mətbuatda, xüsusilə sosial şəbəkələrdə yerləşdirilən qeyri-obyektiv məlumatların yolverilməz olduğu diqqətə çatdırılaraq, ölkədə informasiya təhlükəsizliyinin təminatı üçün vacib olan məqamlara aydınlıq gətirilib: "Müharibə şəraitində yaşayan Azərbaycanda milli və dövlətçilik maraqlarına diqqətlə yanaşılmalıdır. Ötən illərin təcrübəsinə istinadən müasir şəraitdə baş verən belə halların daha təhlükəli olması hər kəsə bəllidir. Avqustun əvvəlində Ermənistanla Azərbaycan sərhəddində və qoşunların təmas xəttində baş verən hadisə bu kimi məqamlara aydınlıq gətirdi".

"Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin vurğuladığı kimi, bu hadisə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, gücünü, istənilən mürəkkəb vəzifəni müvəffəqiyyətlə icra etmək bacarığını əyani şəkildə nümayiş etdirməklə yanaşı, həm də hərbi əməliyyatların intensivləşməsi şəraitində cəmiyyətdə mövcud olan bəzi narahatedici məqamların qabarmasına şərait yaratdı. Burada söhbət konkret olaraq bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet informasiya resurslarının Azərbaycan qanunlarının tələblərinə məhəl qoymadan, qeyri-peşəkar, bəzi hallarda isə ermənilərin maraqlarına uyğun fəaliyyətindən, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin yaranmış situasiyada milli maraqlara zidd, qeyri-adekvat davranışından gedir"- deyə, Vüqar Rəhimzadə məsələ ilə bağlı fikirlərinə əlavə edib.

O, həmçinin təəssüf hissi ilə qeyd edib ki, Azərbaycana qarşı qərəzli mövqedə dayanan ermənipərəst qüvvələrə ölkəmizlə bağlı böhtan xarakterli informasiyalar ötürən müxalifətin inhisarında olan bəzi QHT-lər yaranan demokratik şəraitdən istifadə edərək dövlətçiliyimizə zərbə vururlar: "Mətbuatda yalan informasiyanın verilməsi qəbuledilməzdir. Yalan informasiyanı ortaya atmaq, sensasiya yaratmaq, bu yalanın ətrafında müzakirələr aparmaq, bunu reallığa çevirmək cəhdi, xarici mediaya ötürmək və digər bu kimi proseslər bəzi müxalifət mətbuatının fəaliyyətinin əsas istiqaməti kimi qəbul olunub. Yaşadığımız internet dövründə hər bir yazını dünyada yaymaq mümkündür".

"Daima yalan informasiyalarla ictimai fikri özünə yönəltməyə çalışan mətbuata inamdan söhbət gedə bilməz" - deyən qəzet redaktoru onu da vurğulayıb ki, Azərbaycan dövlətini gözdən salmaq, əldə olunmuş böyük nailiyyətlərə qara yaxmaq, əsassız, uydurma məsələləri qabardaraq Azərbaycan ictimaiyyətini çaşdırmaq bir çox müxalifət mediasının fəaliyyətinin başlıca qayəsi olaraq, əsas hədəfi Azərbaycanı ölkə və dünya ictimaiyyətinə "dəhşətli obraz"da təqdim etməkdir: "Belə qərəzli yanaşmalar zamanı vətəndaşlıq təəssübkeşliyini də unutmamalıyıq. Azərbaycan-Ermənistan təmas xəttində müşahidə olunan gərginlik zamanı hadisələri ictimaiyyətə çatdıran mətbuatın üzərinə böyük məsuliyyət düşsə də, bəzi KİV-lər, xüsusilə internet resurslarının qanunvericiliyinin tələblərinə zidd və qeyri peşəkar fəaliyyəti narazılıq yaratdı. Düşmənin maraqlarına xidmət edən belə qərəzli yanaşma, dövlətin hərbi, xarici siyasəti, kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat axtarış fəaliyyəti ilə bağlı dövlət tərəfindən mühafizə edilən və yayılması qadağan olunan məxfi məlumatların açıqlanması dövlətin təhlükəsizliyinə zərbədir".

Vüqar Rəhimzadə onu da əlavə edib ki, mətbuatın əsas prinsipləri olan obyektivlik, qərəzsizlik və vətənpərvərlik bir-biri ilə vəhdət təşkil edəndə daha dolğun, ictimai fikrə təsir imkanları daha geniş olan yazıların, materialların yaranmasına stimul olur: "Bunun üçün hər bir mətbu orqanın rəhbərliyi vətəndaşlıq təəssübkeşliyindən qaynaqlanaraq bu prinsiplərin hansı səviyyədə qorunmasına diqqət yetirməlidir. Düşünürəm ki, dövlət başçısı İlham Əliyevin məlum Sərəncamından irəli gələn vəzifələrin uğurlu icrası bu sahədə mövcud problemlərin həllini təmin edəcək. Birgə səylərin göstərilməsi, vahid mövqenin ortaya qoyulması hər bir məsələnin həllində mütləqdir".

Bütün xəbərlər Facebook səhifəmizdə