YAP bələdiyyə seçkilərində qadınların təmsilçiliyinə üstünlük verəcək
Bu günlərdə Yeni Azərbaycan Partiyasının və YAP Qadınlar Şurasının bələdiyyə seçkilərinə hazırlıqlarla bağlı partiyanın şəhər və rayon təşkilatları sədrlərinin və qadınlar şurasının ümumrespublika müşavirəsi keçirilib. Keçirilən müşavirələrdə Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə olduğu kimi bu seçkilərdə də qələbə qazanacağına, zəfərlə çıxacağına əminlik bildirilib. Ümumrespublika müşavirəsi ilə bağlı YAP rayon təşkilatlarının sədrləri ilə söhbət zamanı da qeyd olundu ki, YAP bütün seçkilərin qalibi olub bu seçkilərdə də bu qələbəni davam etdirəcək.
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva: "YAP Azərbaycanda yeganə siyasi partiyadır ki, qadın amilinin cəmiyyət və dövlət həyatı üçün əhəmiyyətini əsl mənada qəbul edir"
- Artıq bələdiyyə seçkilərinə az bir vaxt qalıb. Dövlət olaraq müasir Azərbaycan bu günün önəmini daha da artıran siyasət yeritməkdədir. Ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də qadınlara və gənclərə daha çox üstünlük veriləcək. Keçirilən müşavirələrdə də bu fikir dönə-dönə vurğulandı. Bildirildi ki, partiyanı təmsil edən qadınlar bu seçki prosesində daha fəal olmalıdırlar. Hazırda bələdiyyə üzvlərinin təxminən 30 faizi qadınlardan ibarətdir. Müşavirədə vurğulandı ki, qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyinin daha da yüksək olması üçün qadınların fəallığını artırmaq lazımdır. Bu məqsədlə seçki ərəfəsində zonalar üzrə görüşlərin keçirilməsi nəzərdə tutuldu. Yaxın günlərdə belə görüşlərin keçirilməsinə başlanılacaq. Təbii ki, YAP Sabunçu rayon təşkilatı olaraq, biz də ötən dövr ərzindəki fəaliyyətimizə qiymət verir, eləcə də qarşıda duran aylarla bağlı vəzifələri müəyyənləşdirir və buna müvafiq də fəaliyyət göstəririk. Bu ilin dekabrında keçiriləcək dördüncü bələdiyyə seçkilərində həmişə olduğu kimi yaxından iştirak etməklə partiyamızın namizədləri qələbələrini rəsmiləşdirəcəklər. Çünki YAP qələbə və zəfərlər partiyası olaraq, yalnız bu istiqamətdə qürurla irəliləməkdədir. YAP Azərbaycanda yeganə siyasi partiyadır ki, qadın amilinin cəmiyyət və dövlət həyatı üçün əhəmiyyətini əsl mənada qəbul edir. Ən çox qadın YAP-ın sıralarındadır və ən çox ziyalı qadınlar da bizim partiyamızdadır. Təbii ki, biz hər bir seçkiyə ciddi hazırlaşırıq. Bu amil keçirilən müşavirədə də vurğulandı. Cənab Əli Əhmədov da öz çıxışında qeyd etdi ki, bizim inamımız ondan ibarətdir ki, növbəti bələdiyyə seçkilərində də YAP-ın irəli sürdüyü namizədlər seçicilərimizin etimadını qazanacaqlar.
YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva: "Müəyyənləşəcək namizədlərimiz öz qələbələri ilə bütövlükdə YAP-ın gücünü nümayiş etdirəcəklər"
- Məlum olduğu kimi, bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur. Bələdiyyələr bərabərlik əsasında qurulur, fəaliyyət göstərir və konstitusiya, eləcə də qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bu prosesdə əhalinin fəallığı və seçkinin şəffaflığı demokratiya quruculuğunda çox əhəmiyyətli rol oynayır. Ona görə də ölkənin demokratik inkişaf mərhələləri dərindən təhlil olunmalı, bu müstəvidəki problemlər ciddi şəkildə öyrənilməlidir. Belə problemlər içərisində xüsusi diqqət çəkən məqam qadınların demokratik quruculuq prosesində iştirakıdır. Cəmiyyət inkişaf etdikcə qadınların fəallığının artması müşahidə olunur. Artıq Azərbaycan qadını dünya səviyyəsində təmsil oluna biləcək intellekt və savad həddinə yüksəlib. Bununla yanaşı, qadınların cəmiyyətin müxtəlif sahələrində təmsilçiliyi kifayət qədər yüksək deyil. Sosial həyatın bütün sahələrində ağırlığı çiyinlərində daşıyan qadınları ictimai-siyasi proseslərə cəlb etməklə demokratiya quruculuğu prosesini sürətləndirmək olar. Bələdiyyə seçkiləri buna böyük bir fürsət verir. Bütün Azərbaycan xalqının seçimi olan YAP-ın seçkilərə hazırlıq işlərini onun ayrı-ayrı şəhər və rayon təşkilatlarının timsalında görmək olar. Qeyd edim ki, müəyyənləşəcək namizədlərimiz öz qələbələri ilə bütövlükdə YAP-ın gücünü nümayiş etdirəcəklər. Çünki YAP hər bələdiyyə seçkisində çalışır ki, namizədlər arasında qadınların və gənclərin sayı çoxalsın. Xatırladım ki, ötən siyasi kampaniyalar bir daha sübut etdi ki, qadınlar və gənclər seçki prosesinin aktiv iştirakçılarıdırlar. Bir sözlə, başlıca hədəflər bundan ibarətdir ki, bələdiyyələrin cəmiyyətin həyatında, ictimai-sosial məsələlərin yoluna qoyulmasında rolu artırılsın. Digər bir tərəfdən, bələdiyyələr öz səlahiyyətlərini və vəzifələrini daha yaxşı, daha keyfiyyətli yerinə yetirsinlər. İndidən seçkilərdə iştirak edəcək bütün namizədlərimizə uğurlar arzu edirəm.
YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının sədri Məhəbbət İbrahimova: "Biz bir daha deyə bilərik ki, qarşıdan gələn bələdiyyə seçkilərində də YAP parlaq qələbə qazanacaq"
- Azərbaycanda bələdiyyələrin idarə olunması ilə bağlı bir sıra təkmilləşmə işləri həyata keçirilib. Biz bütün bu əhəmiyyətli amilləri sentyabrın 20-də keçirilən ümumrespublika müşavirəsində edilən çıxışlardan da, yerlərdə fəaliyyət göstərən bələdiyyələrin işlərindən də şahidi olmuşuq. Təbii ki, işlərin formalaşması və reallaşdırlması istiqamətində YAP-ın rol alması da şübhəsizdir. Çünki YAP həm də xalqın partiyası olaraq, inam və etibarını qazanıb. Bu baxımdan, bütün seçkilərdə bizim namizədlərimiz ardıcıl qələbələrini qazanmaqdadır. Bu gün Nərimanov rayonunda da fəaliyyət göstərən bələdiyyələr sosial və digər problemlərin həllində işini qurmaqdadır. Çünki məhz etimad qazanmaq gələcək seçkilərdəki qələbəni təmin edən əsas faktorlardandır. Düzdür, bələdiyyələr özünüidarəetmə orqanı kimi Azərbaycanda yaranmış cavan strukturdur. Əvvəlki illərdə bələdiyyələrə seçilən şəxslər bəzən bu orqanların konkret olaraq hansı fəaliyyətlə məşğul olduğunu, əsas funksiyasının nədən ibarət olduğunu və s. bilmirdilər. Amma artıq bu sahə üzrə parlamentdə də bir sıra qanunlar qəbul edilib, tədbirlər həyata keçirilib, bələdiyyələrə sosial baxış tamamilə dəyişib. Deməli, bu sahədə artıq təkmilləşmələr aparılmalı, mükəmməl proqramlar ortaya qoyulmalıdır və qoyulur. Bütün bunlar isə onu göstərir ki, bələdiyyələrin fəaliyyəti, strukturu təkmilləşdirilir, yeniləşdirilir. Bu taleyüklü prosesdə biz qadınlar, o cümlədən YAP-da təmsil olunan qadınlarımızın ölkəmizdə demokratiya quruculuğunda çox əhəmiyyətli rol oynayır. Təcrübə göstərir ki, sosial həyatın bütün sahələrində ağırlığı çiyinlərində daşıyan qadınları ictimai-siyasi proseslərə cəlb etməklə demokratiya quruculuğunu sürətləndirmək olar. Bələdiyyə seçkiləri buna tarixi bir fürsət verir. Beləliklə, biz bir daha tam əminliklə deyə bilərik ki, qarşıdan gələn bələdiyyə seçkilərində də YAP parlaq qələbə qazanacaq. Çünki partiyamızın qələbələrinin əsasında xalq sevgisi və inamı dayanır. Ona görə də biz də tam əminliklə deyə bilərik ki, biz qələbə qazanacağıq.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB